Vəfa Zeynalova: "Nəsə kamera qarşısında narahat oluram".
“Mən hamının nəzərini tez cəlb edirəm” .
Tamaşaçılar onu “Dodaqdan qəlbə” adlı serialdakı məsum baxışlı Lamiyə obrazından tanıyır. Aktrisa hesab edir ki, bu film onun sənətə gəlişinin vizit kartı olub. Müsahibimizi yəqin ki, tanıdınız. Bəli, bu, Akademik Milli Dram Teatrının aktrisası Vəfa Zeynalovadır. Vəfa Zeynalova artıq Hollivudun məşhur aktyorları ilə birgə filmə çəkiləcək. Gəlin, bu haqda aktrisanın öz dilindən eşidək:

- Pərəstişkarlarım məni artıq dünyanın məşhur simaları ilə birgə filmlərdə görəcəklər. Bu ilin may ayında Türkiyədən yeni bir filmə çəkilmək üçün dəvət almışam. Bu filmdə Türkiyənin və Hollivudun ən aparıcı aktyorları çəkiləcək. Azərbaycandan isə təkcə mən dəvət olunmuşam. Ssenari ilə təqribən tanışam və əsər mənim maraqlarıma hərtərəfli şəkildə cavab verir. Əsər haqqında danışmaq istəmirəm, qoy bu, hələ ki, sizlərə də maraqlı qalsın. Filmin çəkilişləri ilə əlaqədar olaraq bu ayın sonu və ya gələn ayın əvvəlinə qədər Türkiyəyə yola düşəcəyəm. Həm də çəkilişdən əvvəl filmə dəvət olunan aktyorların görüşü olmalıdır. Türkiyənin və Hollivudun tanınmış aktyorları və aktrisaları ilə eyni filmdə çəkilmək mənə xoşdur.

- Vəfa xanım, bəs “Azdrama”dakı işləriniz necədir?

- Teatrda bir neçə tamaşa üzərində çalışırıq. Bundan başqa, bir sıra xarici ölkələrə qastrol səfərlərimiz olur. Səmimi etiraf edim ki, hazırda məni daha çox Türkiyə səfəri düşündürür.

- Belə çıxır ki, sizi dünyanın ən məşhur ulduzları ilə bir arada görəcəyik?

- İnşallah. Əgər mənə belə bir şans verilibsə, mən özümü doğrultmağa çalışacağam. Filmin gözəl alınması üçün əlimdən gələni edəcəyəm. Əminəm ki, mənə həvalə olunan rolun öhdəsindən layiqincə gələcəyəm. Eyni zamanda indən belə mənə ünvanlanan bütün təklifləri dəyərləndirəcəyəm.

- Nə zamansa şansınızı əldən vermisinizmi?

- Düzünü deyim, yox, belə bir şey olmayıb. Heç indən belə də olmayacaq. Çünki mən öz istedadıma bələdəm. Bilirsinizmi, əslində çox təkliflər alıram və onların əksəriyyətini də dəyərləndirirəm.

- Deyirsiniz ki, sizə çox təkliflər gəlir. Maraqlıdır ki, gənc aktrisalar arasında daha çox film və seriallara çəkilən sizsiniz. Bütün rejissorlar niyə həmişə sizi görürlər?

- Düzü, heç özüm də bilmirəm. Amma təvazökarlıqdan uzaq olsa da mənə elə gəlir ki, istedadım rejissorların gözündən yayınmır. Ümumiyyətlə, mən hamının nəzərini tez cəlb edirəm. Düzünü deyim, mən özümü şanslı aktrisa sayıram. Ola bilsin, bu, mənim işimə həvəslə, ürəklə yanaşmağımdan və istədiklərimi ürəkdən arzuladığımdan irəli gəlir. Lakin bir faktı da deyim ki, televiziya tamaşalarına çəkilməkdən həmişə boyun qaçırıram.

- Maraqlıdır, niyə?

- Səbəbini heç özüm də bilimirəm. Nəsə kamera qarşısında özümü narahat hiss edirəm.

- Maliyyə problemlərinizi necə həll edirsiniz?

- Düzünü deyim, maliyyə problemlərimi həyat yoldaşım həll edir. Bəzən görürsən, aktyorlar maddi durumlarını yaxşılaşdırmaq məqsədilə kommersiya filmlərinə çəkilirlər. Amma mən bu kimi filmlərə vaxt itirmirəm.

- “Maşın” realiti-şousunda sizin Aygün Kazımova və Xumar Qədimova ilə mübahisəniz düşmüşdü. Yəqin indi küskünlük aradan qalxıb...

- Düzünə qalsa, heç onları görmürəm. Mən aktrisayam, onlar isə müğənni. Ümumiyyətlə, biz heç rastlaşmırıq da. Bir tərəfdən də yaxşı ki, onlarla görüşmürəm, heç rastlaşmıram da, deməli, xoşbəxt adamam.

- Vəfa xanım, arada yaranan bu narazılıq haradan qaynaqlanır?

- Heç mən də bilmirəm, onlara nə etdim ki, mənimlə yola getmədilər. Şoudan uzaqlaşandan sonra mən onlarla barışmaq və ya ünsiyyətdə olmaq istəmədim. Onlarla mənim aramda böyük fərq var