Röya ailəli adamla ailə quracaq.
Son vaxtlar Röyadan xəbər yox idi. Çoxlarının sevimlisi olan səhnəmizin şıltaq müğənnisi bununla bağlı haqqında bir sıra şayiələrin gəzdiyini bildirdi. Bəziləri onun efirlərə, maqazin proqramlarına və ümumiyyətlə mətbuata çıxmamasını işlərinin çoxluğu ilə bağlasa da, digərləri onun sevgilisindən ayrılaraq uzun müddət depressiya həyatı yaşadığını və bunun nəticəsində də guya səhnədən birdəfəlik getdiyini söylədilər. Röya bununla bağlı qəzetimizə açıqlama verərək məsələyə aydınlıq gətirməyə çalışdı: "Son vaxtlar ortalıqlarda olmamağımdan istifadə edib, haqqımda yayılan yersiz söz-söhbətlər bir tərəfdən məni narahat edir, digər tərəfdən isə düşünürəm ki, bu, tanınmış bir sənətçi üçün normal haldır. Əslində görünməməyimin səbəbi işlərimin çox olmasından irəli gəlir". Belə ki, işlərinin bitib-tükənmədiyindən şikayətlənən müğənni qeyd etdi ki, "dekabrın sonu tamaşaçılarım və pərəstişkarlarım qarşısında solo-konsert verəcəm. Yalnız onu deyə bilərəm ki, bu konserti bir gün yox, 4 gün Opera və Balet Teatrının səhnəsində olacaq".
Müğənninin şəxsi həyatına gəldikdə isə, onun sevgilisindən ayrıldığı deylisə də, Röya xəbərin şayiə olduğunu deyərək tamaşaçılarını bundan narahat olmamağa çağırdı və bildirdi ki, o, sevgilisi ilə bir yerdədir: "Biz hələ ailə qurmağa hazırlaşırıq. Düzdür, o, evlidir, amma sevgi elə şeyə baxmır. İstənilən yaşda, istənilən adamı sevə bilərsən". "Evimin xanımı olmaq istəyirəm" deyən müğənni səhnədən ayrılmaq haqda toydan sonra düşünəcək və birdəfəlik səhnəni tərk edib-etməyəcəyinə onda qərar verəcək. Hazırkı yaradıcılıq işlərinə gəlincə isə Röya bildirdi ki, "Dəyirman" qrupu ilə daha bir yeni mahnı hazırlayır. Əvvəlki mahnının sevildiyini və hit olduğunu bildirərək sözügedən duetin də rəğbətlə qarşılanacağına əmin olduğunu qeyd etdi. Mahnı hazırda studiyaların birində lentə alınır.