Elza Seyidcahan: "Bir mahnıma 3 min dollar sərf edirəm".
Dosye: Özünəməxsus ifa tərzi və stili ilə seçilən Elza Seyidcahan 1968-ci ildə anadan olub. Orta məktəbi oxumaq üçün o, 8, 13, 17 nömrəli məktəbləri dəyişməli olub. 8-ci sinfi qurtardıqdan sonra isə Soltan Hacıbəyov adına Orta İxtisas Musiqi Texnikumuna daxil olaraq, burada nəzəriyyə şöbəsini bitirir. Uşaq ikən həm qarmon çalmağa, həm də şeir yazmağa həvəsli olub. Şeir yazdığı vaxtlarda musiqi də bəstələməyə başlayıb. Anası ilk vaxtlar onun qarmonçalan olmasını arzulayıb. Qızında bəstəkarlığa olan meyli gördükdən sonra ona fortepiano üzrə təhsil almaq üçün şərait yaradır. Musiqi texnikumunu bitirdikdən sonra E.Seyidcahan ailə qurur və dünyaya iki uşaq gətirir. 7 il evdarlıqdan sonra Konservatoriyanın bəstəkarlıq şöbəsinə qəbul olur. Hazırda şeirlərinə mahnılar bəstələmir, çünki bunun üçün gözəl bəstəkarlar var. İlk şeirləri ana və fəsillər mövzusunda olub. ("OLAYLAR"İA)


- Elza xanım, "Seyidcahan" soyadınızdır, yoxsa...


- Əslində soyadım Əhmədovadır. Evdə 4 bacıyıq və ailə qurduqdan sonra familiyamızı dəyişdirmişik. Hazırda soyadım Qasımovadır. "Seyidcahan" isə anamın adıdır. Xoşlamıram ki, insan bu gün bir, sabah isə başqa adla tanınsın. Ona görə də belə bir vəziyyəti yaşamaq istəmirdim. Həm də anam olmasaydı, mən bu sənətdə yox idim. Düzdür, anam çox ağır xasiyyətli adamdı. İndi də səsini eşidəndə böyük olsaq da, özümüzü itirirk. Amma bizə görə çox əziyyət çəkib. Nə qədər ciddidisə, bir o qədər də qayğıkeşdi. Sənətimi çox sevir.


- Türkiyədə uğurlu çıxış edən müğənnilərdənsiniz. Orda gördüyünüz işlərdən və Türkiyə estradasını bizim estradadan fərqləndirən cəhətlərdən danışın...


- İndi biz artıq onlardan fərqlənmək istəmirik, onları təkrar edirik. Düzdü, biz bir millət, iki dövlətik. Amma fərqlərimiz var. Musiqiyə baxışımız eyni deyil. Bəlkə biz uzun illər SSRİ-nin tərkibində olduğumuzdan belədir. Bizimkilər Türkiyənin bəsit musiqisini təkrarlayırlar. Təkrarçılığı həm müğənnilər, həm aktyorlar, həm də telekanallar edirlər. Bizə bəlkə 50 il lazımdı ki, Türkiyə şou-biznesinin indiki vəziyyətinə çataq.


Mən orda türk yazarlarının sözlərinə yazdığım mahnıları albom şəklində hazırlamaq istəyirəm. Mahnılar gözəl alınıb. Türkiyədə konsertim olmuşdu. Onların bir jurnalı iki səhifəsini mənə ayırdı, telekanallara çıxdım. Yəni orda bir çox şeylərin şahidi olduq. Fərq ondadır ki, onlarda sənət adamları hər şeydən pul götürürlər, bizimsə qazancımız yalnız toylardandır. Onlar konsertlərdən qazanır, radioda səslənən mahnılar, telekanallarda yayımlanan kliplərə görə, qonorar alırlar.


- Azərbaycanda Türkiyə şou-biznesinə qatılmaq üçün dəridən-qabıqdan çıxan müğənnilər çoxdur. Amma onlardan fərqli olaraq sizdə Türkiyədə görünmək daha asan alındı?

- Mən əslində ora qonaq getmişdim. Telekanalların müğənnilərdən pul almasıyla bağlı deyilənlər isə doğru deyil. Hətta Türkiyədə tanınmış müğənnilərə pul verilir ki, efirə qonaq gəlsinlər. Hətta məni tanıyanlar dedilər ki, sən tanınmış müğənnisən, efirdə çıxış etmək üçün pul al. Orda "Türk Maks" kanalında Bürhan Özcanın ayda bir dəfə proqramı yayımlanır. O, özü çox gözəl ritm ustasıdı. Verilişə isə əsl sənət adamlarını dəvət edirlər. Proqramda çıxış etməzdən əvvəl maqazin proqramlarının birinə dəvət etdilər. Amma məni həmin maqazin proqramında çıxış etməyə qoymadılar. Dedilər ki, getsən, Bürhan Özcan düşünəcək ki, sən aşağı səviyyəli müğənnisən. Çox qəribədir, onlarda maqazin proqramları səviyyəsiz verilişlər hesab olunur. Türkiyədə olarkən bu ölkədə qəbul olunmayan müğənnilərin Bakıda dəfələrlə olduğunun şahidi odum.


Onu da demək istəyirəm ki, müğənnilərin özlərini kiməsə oxşatmaları yaxşı hal deyib. Bir çoxları Avropaya gəzməyə gedib, "filan ölkədə konsert verdim" deyirlər. Heç vaxt belə yalan danışa bilmərəm. Müğənnilərin həvəsinə gəlincə deyim ki, Türkiyə şou-biznesinə qatılmaq qeyri-mümkündür. Azərbaycan müğənnilərindən kimsə deyə bilməz ki, mən bunu edəcəm. Bu heç vaxt olmayacaq. Türkiyə şou-biznesinin sənətkarı da, boş yerə qışqırıq salanı da, çılpağı da var. Bizim şou-biznesimizə biri sənəti, biri ağlı, biri ağılsızlığı, biri çılpaqlığı ilə gəlir. Tərbiyəsiz danışması ilə gələnlər də var. Amma səmimiyyətlə tərbiyəsizliyi qarışdırmaq olmaz. Bəs bizimkilər Türkiyədə gedib neyləyəcəkğ Orda yalnız sənəti göstərməlisən. Bu isə çox çətindir. İstanbul kimi böyük yerdə itib batmaq olar. Mənim Türkiyə kanallarında çıxış etməyə yenə imkanım var. Amma istəmirəm. Bunun mənə nə xeyri varğ


- Sizin mahnılarınızı dinləyən və kliplərinizi izləyənlər düşünürlər ki, Elza Seyidcahan fəlsəfə elminin bilicisidir. Maraqlıdır, bununla bağlı kitablar oxuyursunuz?

- Təsəvvür edin ki, yox. Konservatoriyada oxuyanda Filarmoniyada Nüsrət Kəsəmənlinin yaradıcılıq gecəsi keçirilərkən "Analar" mahnısı oxumuşdum. Fəlsəfə müəllimim də ordaydı. Fəlsəfədən zaçot olanda isə həmin müəllimim dedi ki, "ola bilər sənətkar olarsan və mən sənə yaxınlaşıb gül verərəm. Amma sənə zaçot yazmayacam". Yəni fəlsəfəni dərindən oxumamışam. Elə adamlar var ki, qəribə mövzuları dərk etmir, amma mənə asanlıqla çatır. Mən şeiri öz prizmamdan qəbul edirəm. Fəlsəfə kitablarını oxumuram. Vaxtım olanda çoxlu şeir kitablarını oxuyuram. Son zamanlar Ramiz Rövşənin, Musa Yaqubun, Vaqif Bayatlı Odərin, Mikayıl Müşfiqin, Məmməd Arazın şeirlərinə daha çox yer verirəm.


- Müğənnilər adətən ya mahnı, ya da imic davasına çıxırlar. Geyim tərzinizi oğurlasalar, necə qəbul edərsiniz?

- Oğurlasalar yox, artıq oğurlayıblar. Həm də mən buna oğurlamaq deməzdim. Yəni ad çəkmirəm, amma çox müğənnilər var ki, mənim stilimdədilər. Mən buna sevinirəm. Saçlarım buruq olanda, heç kəsdə buruq saç yox idi. Bunu qısqanclıqla qarşılamıram.


- Türkiyə sənətçiləri bizimkilərdən fərqli olaraq pullarını xeyirxah işlərə qoyurlar. Bu günlərdə müğənnilər əsgərlər üçün pullarından keçdilər. Tutalım ki, Aygün Kazımova plastik əməliyyata 50 min dollar verib. Bu pulu qeyd etdiyim işə sərf etmək daha məqsədəuyğun deyil?

- Azərbaycanda axı müğənnilər varlı deyillər, onların nəyi var kiğ İmkanı olan müğənnilər Ramazan bayramında edirlər, xeyriyyə tədbirlərinə qoşulurlar. Müğənninin öz yaxınlarına baxması da böyük işdi. Əlbəttə, xeyriyyə tədbirlərinə qoşulmaq borcumuzdu. Aygün əgər 50 min dollar əməliyyata veribsə, bu onun şəxsi işidir. İstəyir gözəl görünsün. Amma mən deməzdim ki, müğənnilər varlıdırlar və belə işlərə imza atmırlar. Müğənni gündə 4 dəfə efirə çıxırsa gözəl geyinməlidir. Əslində xalq müğənniyə kömək etməlidir. Bir mahnıya üç min dollar verirəm. Eşidənlər deyir ki, sənin yerinə olsam bu qədər pulu bir mahnıya vermərəm. Amma mən bunu edirəm. İstəyirəm ki, xalq eşitsin. Allah mənim üçün bu yolu seçib və bu yolla getməyə məcburam. Müğənnilərin qayğıları çoxdur. Qazancımız yalnız toylardandı ki, bunu da geyimə, mahnıya və uşaqlarımıza sərf edirik. Bu yaxınlarda mənə Naxçıvandan konsertlə bağlı zəng vurdular. Almaniyadan qayıtdıqdan sonra orada əsgərlərimizin qarşısında təmənnasız konsert verəcəm. Kəsiləsi qurbanımı da orda kəsəcəm. Bu günə qədər heç bir xeyriyyə tədbirindən imtina etməmişəm. Biz türk müğənnilərinin qazandığının yarasını qazanmırıq. Bizim pulumuz türk müğənnilərinə verilir. Bir müğənni ildə 4-5 dəfə gəlib konsert verir və pulunu aparır. Bizə nə verirlər? Bir şirkət zəng vuraraq konsertimə sponsorluq edəcəyini desin də. Niyə eləmirlər? Bəs xarici müğənnilərin ciblərini kim doldursun?

- Sizin nə vaxtsa plastik əməliyyat etdirmək niyyətiniz var?

- İndiyə qədər etməmişəm, 40-50 yaşında ehtiyac olarsa, edərəm. Edənlərə də pis baxmıram. Amma vaxtında lazımdır. Şəxsən Aygünə pis baxıram. O, çox gözəldir. Mənim üçün Aygün bütün müğənnilərdən gözəldir. Həmin əməliyyatı etməyə ehtiyacı yox idi- bunu 10 ildən sonra edərdi. Bilmirəm kimin sözünü eşidib, özünə qəsd elədi. Gənclər də belə şeylərə çox meyllidilər. Allah verib də, niyə özünü korlayırsan?

- Yəqin rejissorumuz Fuad Şabanovun Rusiyanın ORT kanalında erməni aktyoru haqqında film çəkməsindən və həmin filmdə Azərbaycan mahnılarının erməni bəstəsi kimi təqdim olunmasından xəbərdarsınız. Sizcə, işini itirməmək üçün insanın bu addımı atması düzgündürmü?

- Fuad Şabanov düz etməyib. Biz MDB ölkələrinin Moskvada keçirilən festivalında olmuşduq. Onlar mahnımızı öz adlarına oxuyarkən buna qarşı çıxanda dedilər ki, "bu nə sizin, nə də bizimdir. Bu hamımızındır". Bu bir yana qalsın. Türkiyədə televiziyaya çıxanda 5 nəfərlik rəqs qrupu gəlmişdi. Hamısı da erməni idi. Yəni onların birliyinin şahidi olduq.