Namiq Qaraçuxurlu: "Mən "8-ci kilometr bazarı"nda kələm də satmışam".
“Meyxanaçıların əksəriyyəti ikiüzlüdür”.
Son zamanlar yaradıcılıq istiqamətini dəyişərək estradaya daha çox meyl edən Namiq Qaraçuxurlu, deyəsən, meyxanaya “əlvida” deyib. “Papanın gül balası” və “Rəvayət” meyxanaları ilə tamaşaçıların qəlbinə yol tapan Namiqin gələcək planları həddən artıq çoxdur.

- Namiq, deyilənlərə görə, meyxana sənətindən imtina etmisiniz. Bu, doğrudurmu?

- Əvvəlki illərlə müqayisədə bugünkü yaradıcılığım, oxu tərzim musiqisevərlərin daha çox xoşuna gəlir. Əslində bu, zamanın tələbindən irəli gəlir. Amma bu o demək deyil ki, mən meyxana sənətini atmışam. Sadəcə olaraq hərdən estradaya da müraciət edirəm.

- Meyxananın hazırkı durumunu necə xarakterizə edərdiniz?

- Bilirsinizmi, bu gün meyxana sənətində istedadlı söz xiridarları çoxdur. Amma zəmanə ilə ayaqlaşan bir neçə gənc meyxanaçı lazımdır və onların da ağsaqqallar tərəfindən dəstəklənməsi çox vacib şərtdir.

- Doğrudurmu ki, Namiq Qaraçuxurlu bədahətən meyxana deyə bilmədiyindən söz xiridarları ondan gen gəzirlər?

- Xeyr. Meyxanaçılarla özüm dostluq münasibəti qurmaq istəmirəm. Çünki ikiüzlülüyü heç sevmirəm. Meyxanaçıların əksəriyyəti üzə bir söz deyir, arxada isə başqa cür danışır, bu isə ikiüzlülükdür. Onlar heç vaxt deyə bilməzlər ki, mən meyxana deyə bilmirəm. Əksinə, hətta məni xoşlamayanlarla da rastlaşanda onlar meyxananı inkişaf etdirdiyimə görə təşəkkürlərini bildirirlər. Hətta mənə deyirlər ki, toylarda saatlarla çıxış etməyin təməlini sən qoymusan. Hətta oradan-buradan eşidirəm, deyirlər ki, Namiq meyxananı yəhudilərə sevdirib, biz də dolanırıq. Yəni mənim bir çox meyxanaçılara həm maddi, həm də mənəvi köməyim dəyib. Bəzi meyxanaçıların mənimlə münasibəti “Rəvayət” klipim efirə çıxandan sonra dəyişdi. Ümumiyyətlə, məni meyxana sənətində gözü götürməyənlər çoxdur.

- Deyişərkən söz xiridarlarından kimləri “sıxmısınız”?

- Məni sıxıblar və yaxud da əksinə, mən kimlərisə sıxmışam. Meyxanaya təzə gəldiyim vaxtlarda adlı-sanlı yaşlı meyxanaçılardan ilk dəfə Bayram Kürdəxanılı ilə deyişmişəm.

- Xanəndə Teyyub Aslandan muğam dərsləri alırsınız. Olmaya, siz də muğam oxumaq eşqinə düşmüsünüz?

- Mən xanəndə olmaq üçün yox, sadəcə olaraq səs imkanlarımı daha da artırmaq, musiqimizin keçmişi ilə bağlı daha geniş bilgiyə malik olmaq istəyirəm. Bir də tanıdığım bəzi xanəndələr mənə deyib ki, muğama uyan səs tembrim var. Yeri gəlmişkən, muğamla bağlı qabiliyyətimi sizlərə solo layihələrimdə göstərəcəyəm.

- Bəs sizin əzəli və əbədi tərəf-müqabiliniz Aygün Kazımova necə olacaq?

- Bilirsinizmi, elə layihələrim var ki, onları təkbaşına ərsəyə gətirmək istəyirəm. Amma Aygün xanımla işbirliyimizə son qoyulmayıb.

- Bəs şəxsi münasibətləriniz necə, qaydasındadırmı?

- Əlbəttə, qaydasındadır. Siz məni Aygün xanımla bir səhnədə hələ çox görəcəksiniz. İndi şayiə yayıblar ki, guya mən Aygündən ayrılmışam. Bu xəbərləri bizi gözü götürməyən insanlar yayıb. Aygün plastik əməliyyata yollanan zaman aramızda bir az inciklik yarandı. Artıq hər şey yoluna qoyulub.

- Aygün xanımla tanış olmamışdan öncə siz “palatka” toylarında oxumusunzmu?

- Bəli, oxumuşam. Hətta ilk kliplərim çıxanda “palatka” toylarına çox gedirdim və bəzi meyxanaçıların münasibətini görürdüm. Məni gözdən salmağa çalışırdılar. Aygün xanımla mahnı oxumağım uğurdur, təbii ki, çoxları bununla razılaşmaq istəmir. İnanın ki, bəzi həmkarlarımın iradları mənə heç maraqlı deyil. Çünki bunun kökündə paxıllıq durur. Lirik mahnılardan ibarət ilk albomum 1998-ci ildə buraxılıb. O zaman heç kim mənə irad tutmurdu, deyirdilər ki, əladır.

- Namiq, valideynlərinin Aygünlə əlaqələrinizə münasibəti necədir?

- Valideynlərim Aygünə çox yüksək münasibət bəsləyirlər. Onlar yaxşı bilirlər ki, Aygün xanım dost kimi necə insandır. Qardaşlarımın uşaqları da onu çox istəyirlər. Dəfələrlə mənə deyiblər ki, istəyirik onu görək, yaxından tanıyaq. Qardaşımın oğlunun toyu olacaq, yəqin ki, Aygün xanımı qohum-əqrəbamla orada tanış edəcəyəm.

- Doğrudanmı bir vaxtlar ailəli olmusunuz və hətta iki övladınız da var?

- Sizə bir söz deyim, mən artıq şayiələrə alışmışam. Özüm haqda eyni xəbərləri eşitməkdən yorulmuşam. Bu cür yersiz söz-söhbət mənə olduqca pis təsir edir. Düşünürəm ki, konkret olaraq kimsə bunun üstündə çalışır. Təxminən bilirəm kimlərdir belə xəbərləri yayanlar. Ola bilər ki, gəncliyimdə kiminləsə yaxınlığım, ünsiyyətim olub, ondan da istifadə edib özlərindən olmayan şeyi düzüb-qoşurlar.

- Belə çıxır ki, haqqınızda yayılan xəbərlərin hamısı şayiədir...

- Təbii ki, yox. Məsələn, mən meyxana sənətinə gəlməmişdən əvvəl “8-ci kilometr bazarı”nda dayımın yanında işləyirdim, kələm satırdım. Şəhərdəki məhkəmə binalarının birində təmir işləri də aparmışam. O vaxt hələ aldadıb pulumu da verməmişdilər. Burada pis nə var ki?! Halal zəhmətimlə işləyib pul qazanmışam, ailəmə kömək etmişəm. İndi də ailəmə bacardığım qədər kömək edirəm. Qohum-əqrəbamdan da müraciət edənlər çox olur, imkanım daxilində kömək edirəm. Kənardan çox imkanlı, pul qazanan adama oxşayıram. Qazanmağına qazanıram, amma müəyyən işlərim var ki, onu güclə çatdırıram.

- Gələcək planlarınız haqda nə deyə bilərsiniz?

- Bu yaxınlarda Rusiyanın Murmansk şəhərində və Kazanda böyük konsert proqramı ilə çıxış edəcəyəm. Ümumiyyətlə, səfərlərim çoxdur. Hətta Avropa ölkələrindən də təkliflər alıram. Yeni mahnılar üzərində işləyirəm. İnşallah, Aygün xanımla da bir neçə duet ifa edəcəyik