Evrovision" izləyicilərini muğamlarımızla ayağa qaldırmaq olar"
Yazını böyüt :

İradə İbrahimova hesab edir ki, beynəlxalq tədbirdə muğamı pop, rok, yaxud cazla sintez etmək mümkündür.
Uzun fasilədən sonra Vaqif Gərayzadə ilə İradə İbrahimovanın işbirliyi davam edəcək. Xatırladaq ki, bundan öncə müğənni bəstəkarın "Alınmadı" və "Hannan-hana" mahnılarını ifa edib. İ.İbrahimovanın "Ayna"ya verdiyi məlumatında bildirilir ki, yaxın günlərdə lentə yazılacaq bəstənin ekran versiyası da düşünülür. Bundan başqa, İradə xanım şəxsi İnternet səhifəsinin yeniləndiyi barədə danışdı. Dedi ki, ona məxsus elektron səhifəyə yeni görkəm verilir. Yeni fotolarla və yeni üslubda ərsəyə gətirilən veb-səhifənin ölkənin hüdudlarından kənarda oxuna bilməsi məqsədi də nəzərə alınıb.
Yeniliklərdən söz salan müğənni əlavə etdi ki, dekabrın 1-də Los-Ancelesə səfər edəcək. Ötən il Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Brüsseldə keçirilən gənclərin forumuna dəvət alan müğənni yenidən həmin tədbirin iştirakçısı olacaq. Forumdan sonra tədbir iştirakçıları müğənninin 2 saatdan artıq çəkən musiqili proqramını dinləyəcəklər. Repertuara xalq musiqiləri və bəstəkar mahnıları daxil edilib.
Mahnılardan söz düşmüşkən sənətçi xanım vurğuladı ki, Vaqif Gərayzadə ilə yanaşı o, Gövhər Həsənzadə, Sevda Məmmədli, Vüqar Camalzadənin bəstələrinə nəfəs verməyə hazırlaşır. Çalışdığı rejissorlardan Ülviyyə Könüllə işbirliyinin daha rahat olduğunu bildirən müğənni "yəqin, bu, onun zərif cinsin nümayəndəsi olduğundan irəli gəlir" dedi. İradə İbrahimova son iki klipinin müəllifi Ülviyyə Könüllə daha bir ekran işinə yaxın aylarda imza atacağını diqqətə çatdırdı.
Sonuncu "Bahar çiçəyi" konsertindən uzun zaman keçdiyini xatırladan İradə xanım növbəti solo layihəsinin vaxtının çoxdan çatdığını söylədi. Eyni zamanda konsertin məsuliyyətini çiyinlərində daşıdığını diqqətə çatdıran müğənni sıradan bir işə imza atmaq istəmədiyini qeyd etdi:
"Planda konsert proqramı var. Bu barədə danışıqlar gedir. İki səs ötürücüsünü səhnəyə çıxarıb, iki sintezatorun müşayiəti ilə səhnəni doldurmaq istəmirəm. Bu şərtlərlə hər gün konsert vermək olar. Mən hər bir işimin məsuliyyətini hiss edirəm. Buna görə də "Bahar çiçəyi" solo layihəmin səsi-sorağı hələ də gəlir. İndi onun təkrarını yox, daha yüksək səviyyədə iş ərsəyə gətirməyi düşünürəm. Onu da etiraf edim ki, "mahnı sandığım" ağzına kimi doludur. Onları bir proqrama sığışdırmaq mümkün olmayacaq, ancaq seçim etməliyəm. Bundan əvvəl isə maliyyə işlərinə yardımçım olmalıdır. Çünki sxemini tutduğum layihənin həllinə yüksək məbləğ tələb olunur. Siyahıda dekorasiya, musiqiçilərin qonorarı, kirayə haqqı və bir sıra məsələlər durur. Əgər bütün bunlar müğənninin öhdəsinə düşürsə, onun fikri kassada satılan biletlərin yanında qalacaq. Amma mən bunları düşünmək istəmirəm. Tanrı mənə canlı oxumaq üçün səs verib və imkanlarımı genişləndirmək istiqamətində düşünürəm. Deyərdim ki, Azərbaycan Milli Konservatoriyasında Arif Babayevdən aldığım muğam dərsləri bu düşüncənin real həllinin bünövrəsidir".
"Stadion konsertlərinə necə baxırsınız?" - sualını cavablandırarkən müğənni dedi ki, Azərbaycanda keçirilən əksər konsertlər reklam xarakteri daşıyır: "Biletlərin əksəriyyəti satılmır, paylanılır. Xatırlayıram ki, Zülfiyyə Xanbabayeva H.Əliyev adına saraydakı konsertindən pul götürə bilmişdi. Əslində bu, belə də olmalıdır".
Sualın davamı olaraq müğənnidən "Kim Tofiq Bəhramov adına stadionu doldura bilər, kimin 35 min pərəstişkarı var?" - soruşanda o, ad çəkmədən bunları söylədi: "Azərbaycanda fanat ordusu olan müğənnilər var. Amma bununla məsələ həll olunmur. Həmin sənətçinin konsertinin təşkili təşkilatçının məharətindən asılıdır. O istəsə, stadionu tamaşaçı ilə tam olmasa da, yüksək göstərici ilə doldura bilər. Amma tamaşaçı hər hansı maddi marağa görə yox, müğənninin repertuarına görə konsertə cəlb olunmalıdır. Ən başlıcası musiqiçinin komandasının pulu artıqlaması ilə çatdırılmalı, qrup üzvlərinin sayı maddiyyat üzündən məhdudlaşdırılmamalıdır. Gəlin, əcnəbi müğənnilərin burada çıxışına nəzər yetirək. Məsələn, Elton Con, Tarkan... Bir təyyarə onların aparatları və musiqiçilərinə ayrılır. Hər şey müğənninin arzuladığı kimi olmalıdır. Bizlər isə hələ bu səviyyəyə özümüzü çatdıra bilməmişik. Konsertinə baxıb nə isə öyrəndiyim yerli müğənnilərdən heç birinin adını çəkə bilmərəm. Ümumiyyətlə, evdə olduğum zamanlar daha çox Rusiya və digər ölkələrin telekanallarına baxıram. Görürəm ki, müğənninin sərbəstliyində və rahatlığında səhnənin görünüşü böyük rol oynayır".
"Evrovision" müsabiqəsi ilə bağlı müğənninin fikirlərini öyrənməyə çalışdıq. Xatırladaq ki, sonuncu yarışmada Gürcüstan etnomusiqi ilə sözünü deyə bilmişdi. Bəzi ölkələr isə etno və popun sintezi ilə səhnədə yenilik göstərə bildi. Növbəti yarışmaya iddialı olan Azərbaycanın necə çıxış edəcəyini soruşduqda müğənni maraqlı açıqlama verdi. Dedi ki, popla, cazla, yaxud rokla muğamlarımızın sintezindən maraqlı proqram ərsəyə gətirmək mümkün olar: "Fikrimcə, "Evrovision"da muğamlarımız mütləq səslənməlidir. Dünyanı ayağa qaldıracaq muğamımız var. Onu səsləndirməklə zalı ayağa qaldırmaq olar. Düşünməyək ki, bizdə estrada zəif inkişaf edir. Lakin biz onu təqdim etməyi bacarmırıq, daha doğrusu, gücümüz çatmır. Bu da məlum məsələyə, maddiyyata bağlıdır".