Elnarə səhnəyə duetlə çıxacaq

O, RÖYA İLƏ YENİ DUET HAZIRLAYIR
Bu yaxınlarda ana olan müğənni Elnarə artıq yaradıcılıq işlərinə start verib. Bununla bağlı məlumat verən müğənni bir neçə bəstəkarla mahnılar üzərində çalışdığını bildirdi. Elnarə uzun fasilədən sonra tamaşaçılar qarşısına duetlə çıxacaq. Həmkarı Röya ilə yeni duet hazırlayan müğənni həmin mahnının sözlərinin onun özünə məxsus olduğunu dedi. Həmin mahnıya klip çəkdirməyi düşünən Elnarə bununla yeni bir partlayış edəcəyini də vurğuladı.
Elnarə "Yaşıl Teatr"da konsert proqramı ilə çıxış edəcəyinə söz versə də, konsertin vaxtının bir az yubanacağını bildirdi. O, bunu işlərinin çox olması ilə əlaqələndirdi: "Əslində, konserti yay aylarına planlaşdırmışdım, amma işlərimin çoxluğu buna imkan vermədi. Uşaq hələ körpə olduğu üçün konsert layihəsi üzərində işləmək o qədər də asan deyil, bunun üçün xeyli vaxt lazımdır, mənim də vaxtım yoxdur".

Mənbə: 3 nöqtə