FAİQ AĞAYEV TELELAYİHƏ HAZIRLAYIR

Müğənninin aparıcılığı ilə ictimaiyyəti narahat edən məsələlər müzakirə ediləcək

Əməkdar artist Faiq Ağayev yeni telelayihəsini hazırlayır. Payız aylarında efirə çıxacaq televiziya işində müğənni həm layihə rəhbəri, həm də aparıcı kimi çıxış edəcək. Bu barədə məlumat verən müğənni bildirdi ki, tamaşaçılar müğənninin təqdimatında yeni formatda silsilə xarakterli veriliş izləyəcəklər. Verilişin özəyini təşkil edəcək süjet xətti barədə xəbər aldıqda müğənni "mədəniyyətə, xüsusilə də şou-biznesə heç bir aidiyyəti olmayacaq. Sırf ictimaiyyəti narahat edən mövzulara toxunulacaq. Mövzu barədə konkret fikirlərim olmayacaq, çünki bu barədə hazırlıq işləri hələ davam edir", - dedi.
İdeyanın özünə məxsus olduğunu bildirən cənab şlyager bunu hansısa boşluğu doldurmaq deyil, intellektual səviyyəni bir az da qaldırmaq naminə etdiyini dedi. O bildirdi ki, veriliş tok-şou da ola bilər, intellektual oyun şəklində də təqdim edilə bilər: "Layihə üzərində müştərək çalışmıram. Sadəcə, məsləhətlər alıram. Səhnə dostum Murad Dadaşovun televiziya təcrübəsi məndən artıqdır. Ondan bəzi məsləhətlər almışam. Amma verilişin onun realiti-şoularına oxşarlığı olmayacaq".
Maliyyə məsələlərini həll edən layihə rəhbəri "Palmali" şirkətlər qrupu ilə çalışdığını qeyd etdi. Qonaqlarının hansı təbəqədən olacağına gəlincə, siyasətçilər, ziyalılar, mədəniyyət xadimləri ola biləcəyini öyrəndik: "Sənət dostlarımı da dəvət edəcəm. Amma mövzu onların sənət dünyasına həsr edilməyəcək. Ölkə vətəndaşı olaraq onlara mövzu ətrafında çıxış etmək imkanı veriləcək".
Cənab şlyagerin yaradıcılığının digər mərhələsini klip çəkilişləri təşkil edir. Müğənni bildirdi ki, o, səhnəni aktrisa Sənubər İsgəndərli ilə birlikdə "Düşüncələr" adlanan klipinin çəkilişlərində bölüşəcək. Əməkdar artist qeyd etdi ki, eyni adlı mahnı (Sözləri Nərgiz Paşayeva, musiqisi Hikmət Mirməmmədlinindir) Ülviyyə Könülün rejissorluğu ilə ekranlaşdırılacaq. Bundan öncə isə müğənni iyunun 21-dən 27-nə kimi Koreyada keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində iştirak edəcək.
Faiq Ağayev qışda təqdim etdiyi "etirA.F" konsertinin televersiyasının artıq hazır olduğunu bildirdi. Yaxın günlərdə tamaşaçılarının izləyəcəyi qış layihəsinin yay versiyası da gözlənilir. Müğənni hazırda təşkilatçılardan aldığı təklifləri dəyərləndirdiyini söylədi.


Mənbə: Z.RƏHİMQIZI ( Ayna )