Neçə aydır Moskvada italyan dizaynerlərdən dərs alan müğənni Rəqsanənin qızı Aysun İsmayılova modelyer olmaqda israrlıdır. Tələbkarlığı ilə tələbələr arasında seçildiyini Publika.Az-a bildirən Aysun hər gün yeni bir şey öyrəndiyini deyir.
“Bu işdə peşəkar olacağıma söz verirəm. Dərslərim çox maraqlıdı. Moskvada diplomumu alandan sonra təhsilimi İtaliyada davam etdirmək fikrim var. Allah qismət etsin, Azərbaycana bir yox, bir neçə diplomla gəlməyi qarşıma məqsəd qoymuşam”, - deyən Aysun bizim şou nümayəndələrindən sifariş aldığını bildirdi.
“Hələ ki Moskvadayam, paltar hazırlamaq üçün məsafə problemim var. Amma Bakıda olanda bir neçə sənətçiyə paltar tikib hədiyyə etdim. Sevə-sevə geyindilər. Qayıdanda bunu fərdi şəkildə deyil, moda evimdə hazırlayacam”, - deyən Aysun Yeni il bayramına özünə göz qamaşdıran paltar hazırladığını bildirdi. Amma o, bayramı harada keçirəcəyini dəqiqləşdirə bilməyib.