Xəzər televiziyasında yayımlanan "Aramızda qalsın" serialının 6 aktyoru serialı tərk edib. Bunu açıqlamasında adıçəkilən serialda Salman rolunun ifaçısı Rüfət Nəzərov deyib. Aktyor serialdan getmələrinin səbəbini açıqlayaraq bildirib ki, onlar yeni müqavilə şərtləri ilə razılaşmayıb: “Məni müqavilənin yeni şərtləri qane etmədi. Çünki müəyyən şərtlər var idi ki, onunla razılaşa bilmirdim. Müqavilənin yeni şərtlərinə görə, sanki qəfəsə salınmış kimi idim. Yəni, bu serialdan başqa heç bir yerdə çəkilməmək kimi şərtlə razılaşa bilmədim. Ona görə də tərk etdim”.

Rüfət Nəzərov bildirib ki, onunla birgə Kamilə Babayeva (Yeganə), Qurban Məsimov (Mehman), Tərlan Nur Yaşar (Cəsarət), Könül Nağıyeva (Ayan), Şahanə İsmayılova (Ceyla) serialı tərk ediblər.

Yaradıcı heyətdən dost kimi ayrıldığını deyən Rüfət Nəzərov bundan sonra fəaliyyətini davam etdirəcək. Bildirib ki, onu qane edən təklif olsa, tezliklə yenidən efirdə görünəcək.