AYSEL: Sizcə, Azərbaycan şou-biznesində rəqabət nəyə əsaslanır?
S.B.: Rəqabət şou-biznesin ayrılmaz hissəsidir. Rəqabət hər yerdədir - bütün dünyada, eləcə də bizim ölkədə. Lakin bizdəki rəqabət sağlam rəqabət deyil. O, rəqabətdən çox paxıllığı xatırladır.
AYSEL: Kimi özünüzə rəqib görürsünüz?
S.B.: Yəqin ki, hamının rəqibi var. Mən bu barədə heç düşünmürəm və çalışıram ki, heç kəslə rəqabətə girməyim.
AYSEL: Niyə bizim ulduzlar bir-biriləri ilə yola getmirlər?
S.B.: Bilmirəm bu, nə ilə əlaqədardır. Əsas odur ki, mən hamıyla yaxşı münasibətdəyəm. Sülhsevərəm və hamıya sülh arzu edirəm. Bunu gəlişigözəl sözlər xatirinə demirəm. Doğrudan da bu belədir. Bilmirəm niyə ulduzlar yola getmirlər?! Məncə, bu, intellektin azlığından irəli gəlir. Ağıllı, özünün dəyərini bilən insan heç kəslə münasibətini korlamaz.
AYSEL: Sizə qarşı həm həmkarlarınız, həm də dinləyicilər arasında münasibət birmənalı deyil. Buna münasibətiniz necədir?
S.B.: Axı elə olmaz ki, hamı səni sevsin. Əlbəttə, müəyyən faiz səni sevəcək, müəyyən faiz yox. Lakin mən özümü məni sevənlərə istiqamətləndirirəm.
AYSEL: Sizcə, Sizi sevən çoxdur, yoxsa sevməyən?
S.B.: Əgər getdiyim yerlərdə göstərilən reaksiyaya görə mühakimə etsəm, məsələn, indi salondan gəlirəm, orada məndən avtoqraf götürdülər və şəklimi çəkdilər. Bu o deməkdir ki, məni sevirlər. Çətinlik çəkirəm... təvazökar insanam, ona görə.
AYSEL: Sizi Azərbaycan estradasının ən ekstravaqant müğənnisi adlandırırlar. Siz də belə düşünürsünüz?
S.B.: Ola bilsin, elədir. Bəli, bununla razıyam və estrada müğənnisi üçün bu, gərəkli faktorlardan biridir - ekstravaqantlıq deyil, zövqün varlığı. Əgər müğənninin zövqü varsa, bu çox müsbət cəhətdir. Amma indi elə vaxtdır ki, müxtəlif obraz yaradan imicmeykerlər və stilistlər çoxdur, onlar müğənninin üzərində işləyirlər və ona görə də ulduzun zövqü elə də vacib olmur. Mən peşəkarların rəyləri ilə razılaşa bilərəm, amma nəticədə öz bildiyim kimi edirəm.
AYSEL: Sizcə, qadınlarla, yoxsa kişilərlə dostluq etmək daha asandır? Bu cinslərdən hansı daha sədaqətlidir?
S.B.: Məncə, qadınlarla. Çünki qadın daha sədaqətlidir, hətta dostluqda belə.
AYSEL: Daha çox kiminlə dostluq edirsiniz: qadın, yoxsa kişi ilə?
S.B.: Yəqin ki, qadın dostum çoxdur.
AYSEL: Hazırda sevirsiniz?
S.B.: Demək olar ki, yox.
AYSEL: Bəs sevilirsiniz?
S.B.: Demək olar ki, hə.
AYSEL: Sizi nə vaxtsa aldadıblar? Bu necə olub?
S.B.: Əlbəttə, aldadıblar, özü də bir dəfə deyil. Mən həmişə ürəyimdə bunun üçün yer saxlayıram. Ona görə ki, sabah məni məyus etsələr, bu mənim üçün elə də güclü stres və zərbə olmasın. Müxtəlif situasiyalar olub.
AYSEL: Ən xoşagəlməz situasiya hansı olub?
S.B.: Bu mənim üçün çox ağrılı mövzudur.
AYSEL: Sizcə, Siz sadiq insansınız?
S.B.: Əgər özümə qarşı sadiqlik hiss edirəmsə, onda həmin insana qarşı 10 qat artıq sadiq oluram.
AYSEL: Səhnədəki Samirlə, adi həyatdakı Samirin arasında nə kimi fərqlər var?
S.B.: Səhnə elə bir yerdi ki, orda nə istəsən etmək olar, amma həyatda elə deyil. Mən artistəm və buna görə də müxtəlif obraz və imic yaratmalyam. Həyatda daha utancağam. Səhnəyə çıxanda heç nə vecimə olmur.
AYSEL: Plastik əməliyyatlara necə münasibət bəsləyirsiniz? Özünüz xarici görünüşünüzdə hansı dəyişikliklər etmisiniz?
S.B.: Normal münasibət bəsləyirəm. Şou-biznes başdan-ayağa plastik əməliyyatlarla bağlıdır. Ancaq mən plastik əməliyyatdan istifadə etməmişəm.
AYSEL: Bəs planınızda var?
S.B.: Yox.
AYSEL: Mahnılarınızın arasında Sizin daxili aləminizi və həyatınızı əks etdirən mahnı varmı?
S.B.: Maraqlı sualdır. Hansı mahnı mənə əzizdir, deyə bilmirəm. Bütün mahnılar mənə əzizdir. Müğənni üçün onun mahnıları övlad kimidir. Ona görə də onları ayırmaq çətindir. Elə olur ki, mən mahnını eşidirəm və fikirləşirəm: mahnı səsimə uyğun gələcək, yoxsa yox. Amma daxili aləmimi əks etdirib-etdirməməsi barədə düşünməmişəm.