Azərbaycanlı rejissor Nail Naiboğlu bu dəfə taciklərlə işbirliyi qurub.

Anspress-in məlumatına görə, o, tacik müğənnisi Rustam İsoyev üçün Bakıda klip çəkib. Rustam İsoyev məşhur tacik kinoaktyoru və pəhləvanı Muso İsoyevin oğludur və Tacikistanda cox populyar və sevilən ulduzlardan biridir. Rustamın anası isə əslən azərbaycanlıdır. Azərbaycana olan sevgisi onu Azərbaycan dilində mahnı oxumağa sövq edib. O, mərhum şairimiz Cabir Novruzun sözlərinə özünün bəstələdiyi “Ayrılıq olmayaydı” mahnısına klip çəkdirib.

Nail Tacikistandan gəlmiş müğənni ilə əməkdaşlığından bunları danışıb: “Rustam dekabrın 14-də mənə zəng edib görüşmək istədiyini bildirdi və biz görüşdük. Görüş zamanı bildim ki, bu ayın 18-nə kimi Bakıda qonağımızdır və mənə klip sifariş emək istəyir. Əsas məqam isə klipin bu qısa vaxt çərçivəsində hazır olması idi. Rustam Tacikistana dönəndə klipin hazır versiyasını özü ilə aparmaq istədiyini dedi. Həmin gün çəkilişlərə başladım və 3 gün ərzində klipi təhvil verdim. Düzdür, heç vaxt belə tez bir müddətdə klip təhvil verməmişəm. Risk etsəm də razılaşdım və peşəkarlığım məni yarı yolda qoymadı, utandırmadı”.

Ayrılıq olmayaydı” klipinin operatoru Elmir Süleymanov, prodüseri Pərviz Oqtayoğlu, montaj edəni isə Emin Muradovdur. Klip qəmli sevgi hekayəsi üzərində qurulub. Klipdə Rustam İsoyevin tərəf-müqabili İlahə adlı fotomodeldir. Klip Azərbaycanda və Tacikistanda nümayiş olunacaq.