EKRAN ƏSƏRİNDƏ AKTRİSA ÖZ HƏYATINI CANLANDIRACAQ
Neçə-neçə filmdə baş qəhrəman obrazını yaradan xalq artisti Məleykə Əsədova yeni seriala çəkilir. On hissədən ibarət olan bu ekran əsərində aktrisanı tamaşaçılar bu dəfə də baş rolda görəcəklər. Bu serial məhz aktrisa üçün yazılıb. Belə ki, ekran əsərində Məleykə Əsədova öz həyatını canlandıracaq. Müğənni qeyd etdi ki, filmin süjet xəttinə əsasən, burada kədərdən də, sevincdən də bəhs olunur. Tərəf müqabilinin isə hələ müəyyən olunmadığını deyən aktrisa hazırda bunun üzərində seçim aparıldığını dilə gətirdi.
Türkiyədən də müəyyən təkliflər aldığını söyləyən Məleykə Əsədova bu barədə hər hansı bir məlumat verməyin tez olduğunu vurğuladı. Müğənnilik karyerasından söhbət açan Məleykə Əsədova anasına həsr etdiyi yeni mahnı üzərində çalışdığını bildirdi.
Mahnının sözləri Sevil İbrahimqızına, musiqisi isə Natiq Şuşalıya aiddir. Bu mahnının ekran işləri rejissor Ülviyyə Könülə həvalə olunub. Həyatdakı ən çətin günlərinin ana itkisi olduğunu deyən aktrisa anasına ithaf etdiyi mahnıların saysız olduğunu söylədi və yeni yaranacaq ekran əsərində anasının əksi olan arxiv materiallarından istifadə olunacağını bildirdi.