Müğənni bir müddət özünü yaradıcılıqdan təcrid etməyi düşünür


Hazırda hamiləliyinin 6-cı ayını yaşyan Zülfiyyə Xanbabayevanın daha bir sirrinin üstünü aça bildik. Xatırladaq ki, müğənninin ana olmaq xəbərini ilk dəfə "Ayna" qəzeti vermişdi. Uzun müddət ictimai mühitdən özünü təcrid edib, xəbərin yayılmamasına çalışan müğənni şəxsi həyatının gündəmə gətirilməməsi arzusunda idi. İndi isə öyrəndik ki, Zülfiyyə xanım övladını sentyabr ayında dünyaya gətirəcək. Səhhətindəki dəyişikliklərlə bağlı ilk aylar məclislərə, konsert proqramlarına qatılmayan müğənni indi bunun əvəzinə, çıxmağa çalışır. Ötən həftələrin birində Yaşıl Teatrda keçirilən konsertə tamaşaçı qismində qatılan müğənni vaxtını bağda dincəlmək və maraqlı konsertləri izləməklə keçirdiyini söylədi.
Lakin müğənni dünyaya gətirəcək övladının cinsini öyrənməyə çalışmır. İlk övladı olduğu üçün müğənni bunun bir o qədər əhəmiyyət kəsb etmədiyini söylədi: "Onun sağlamlığı mənim üçün daha vacibdir. Həkimin bütün məsləhətlərinə riayət olunur. Hazırda bağda istirahət edirəm. Ümumiyyətlə, yay aylarını Bakıdan kənarda, təmiz havada keçirməyi sevirəm. İndi şəhərə az-az hallarda gedirəm. Yaradıcılıqdan müvəqqəti ayrıldığım üçün paytaxta tez-tez getmək məcburiyyətində deyiləm".
Məlum səbəbdən xarakterində bəzi dəyişikliklər olduğunu etiraf edən müğənni "həssas olmuşam, istənilən bir söz tez xətrimə dəyə bilir. Bunun müvəqqəti olduğunu bilirəm və səbirli olmağa çalışıram", - dedi.
Z.Xanbabayevanın hazırda dondurduğu yaradıcılıq planlarını nə vaxt gündəmə gətirmək istədiyi barədə də xəbər aldıq. Müğənni bildirdi ki, uzun müddət övladının qayğıları ilə məşğul olmağı düşünür: "Layihələr çoxdur. Yeni ifa olunmamış mahnılar da var. Amma onları lentə yazdırmaq üçün özümü buna hazır görmürəm. Mahnıların müəllifləri ilə danışıb, işi bir az ləngidəcəyimi bildirmişəm. Ümumiyyətlə, yaradıcılıq işlərində yaranan fasilənin nə vaxta kimi davam edəcəyini qəti söyləyə bilməyəcəm. Çünki qarşıda məni daha nələrin gözlədiyini bilmirəm. Hərdən fikirləşirəm, sabah filan işi görərəm. Amma bəzi maneələr çıxır və planlarım pozulur. Bu səbəbdən hələlik heç nə düşünmək istəmirəm. Yeni ideyalarım olsa, mətbuat mütləq xəbər tutacaq".