MÜĞƏNNİ İBRAHİM TATLISƏSİN REPERTUARINA MÜRACİƏT ETMƏYİ DƏ DÜŞÜNÜR
Müğənni Nüşabə Ələsgərli yayın isti və qızmar günlərinə baxmayaraq, həm istirahət edir, həm də yaradıcılıq işləri ilə məşğul olur. Payız mövsümünə tamaşaçıların qarşısına yeni layihələrlə çıxmağı planlaşdıran müğənni yeni albom hazırlayır. Bu albomda bəstəkar mahnıları ilə yanaşı, türk mahnıları da yer alacaq.
Nüşabə Ələsgərli hətta türk musiqisinin imperatoru İbrahim Tatlısəsin repertuarına da müraciət edəcək. İbonun tanınmış mahnılarından birini repertuarına daxil etməyi düşünən Nüşabə xanım hələ bu məsələdə seçim edir. "Hansı mahnı məsləhət bilinsə, o da repertuarımda yer alacaq" deyən müğənni qəzetimizə digər layihəsi barədə də məlumat verdi. Avqust-sentyabr aylarında müğənni yeni proqramla tamaşaçılarının qarşısına çıxacaq.
Nüşabə Ələsgərlinin aparıcılıq etdiyi proqram AzTV-də yayımlanacaq. Aparıcılıq missiyasını yenidən üzərinə götürməkdən çəkinmədiyini deyən müğənni bildirdi ki, bu sahədə artıq kifayət qədər təcrübəsi var. Çünki bir neçə il bundan öncə o, "Space" telekanalında "Göz dəyməsin" verilişinin aparıcısı olub.