Müğənni digər xarici ölkələrdə də konsert vermək üçün danışıqları davam etdirir
Müğənni Azərin yayın isti günlərinə baxmayaraq dayanmadan çalışır. Hər kəsin istirahət etdiyi bir vaxtda Azərin yaradıcılıq işləri ilə bağlı səfərdədir. Bundan başqa müğənni mahnılardan ibarət yeni disk və albom çıxarmağa hazırlaşır. Müğənninin prodüserindən əldə etdiyimiz məlumata görə, alboma daxil olan mahnılar artıq seçilib. Lakin hələ vaxt olmadığından albomun işıq üzü görməsi bir qədər yubanacaq: "Albomun işıq üzü görməsi səfər və digər yaradıcılıq işləri ilə əlaqədar olaraq təxminən payız aylarında baş tutacaq. Müğənni hazırda burada deyil, xarici səfərdədir. Hazırda isə biz Azərin xanımın Azərbaycandan kənarda konsert proqramı ilə çıxış etməsi və buna dair bir neçə layihələri həyata keçirməsi üçün danışıqlar aparırıq". Azərinin prodüseri müğənninin planında olan layihələrin çoxluğundan söhbət açaraq bu işlər hələ reallaşmamış öncədən geniş məlumat verməyin tez olduğunu vurğuladı. O, yalnız Azərinin Türkiyədə konsert proqramı ilə çıxış edəcəyini söylədi. Müğənninin prodüseri onu da qeyd etdi ki, nəinki Türkiyə, əslində konsert vermək üçün bir neçə ölkə nəzərdə tutulub ki, hazırda da bu barədə danışıqlar gedir. Repertuarına əsasən vokal mahnılara üstünlük verən müğənni konsert proqramına bəstəkar və başqa janrda mahnılar da daxil edəcək.
Azərinin ölkəmizdə konsert verməyinə gəlincə isə bu, Heydər Əliyev adına sarayda təmir işləri başa çatdıqdan sonra reallaşacaq.