Murad Dadaşov: "Bu barədə fikir söyləmək hələ tezdir"
"Mən indi Azərbaycanda çox seriyalı filmlərin - serialların yayımlanması ilə məşğul oluram. Bir çox ölkələrin prodüserləri ilə danışıqlar aparmışam. Bununla bağlı xarici öləkələrə səfərlərim tez-tez olur. Qeyd edim ki, bütün ölkələrdə çəkilən ən maraqlı seriallar daha çox "SitCom" şirkətinin xətti ilə yayılır. Həmin qurumun nümayəndələri ilə görüşüm olub. Çox seriyalı filmlərin süjet xətti, mövzusu ilə tanış oluram. Ən yaxşıları seçilərək payız aylarında tamaşaçılara təqdim ediləcək". Yeni layihəsi barədə söz salan şoumen Murad Dadaşov bunları qəzetimizə danışdı. Yeni prodüsser mərkəzi açmağı düşünən şoumen yaxın aylarda ciddi və maraqlı layihələrin həllinə başlayacağını da əlavə etdi.
Sonuncu "Eurovision" mahnı yarışmasını canlı izləyən Murad Dadaşov İctimai Televiziyanın Avropa Yayımları Birliyinə daxil olduğunu uğurlu nəticə hesab edərək bunları söylədi:
"Əvvəllər həmin müsabiqədə Azərbaycanın iştirakı yalnız arzu olaraq qalırdı. Amma zaman keçdikcə bir sıra irəliləyişlər əldə etmişik. Amma müəyyən problemlər də var. Düşünürəm ki, bizim müsabiqədə iştirak etməyimiz böyük faciəyə səbəb olmayacaq. Yəni, yarımfinala keçmək üçün ən azından yaxşı çalışmlıyıq. Azərbaycan gələcəkdə nəinki "Eurovision"da, başqa beynəlxalq layihələrdə də təmsil olunacaq. Bu barədə hökumət nümayəndələri tərəfindən müəyyən addımlar atılmaqdadır. Amma ideya söz üzərində qalmasın deyə, geniş açıqlamalar verilmir. Birinci mərhələ saydığımız "Eurovision"dan uğurla keçə bildiyimizə arxayın olsaq, qalan planların həllində bir o qədər çətinlik çəkməyəcəyik".
Sözügedən müsabiqədə Azərbaycanı kimin təmsil edəcəyi barədə fikirlər müəyyən mübahisələrə səbəb olub. Sonuncu versiyada Belarusda yaşayan azərbaycanlı Günəşin adı çəkilir. Murad Dadaşovun da bu versiya üzərində dayandığını eşitdiyimiz üçün onun mövqeyini öyrəndik: "Bu haqda danışmaq hələ tezdir. Günəş, yaxud "Rast" qrupunun gedəcəyi barədə indidən qəti fikir söyləmək düzgün deyil. Biz yaşayıb görməliyik ki, 2008-ci ildə Belqradda keçiriləcək növbəti "Eurovision" yarışması hansı nəticələrlə bitəcək. Hər il müxtəlif sürprizlərlə qarşılaşırıq. Əsas odur ki, bunun yollarını öyrənməyə çalışaq. İştirakçını seçmək bir o qədər qəliz məsələ deyil. Hazırda Mədəniyyət və Turizm Nazirliyində bu iş üzərində işləyən mütəxəssislər var. Mən də həmin tərkibdəyəm. Yeni layihələrə, müsabiqələrə qatılmaq üçün müəyyən addımlar atılır".