İndi çıxan müğənnilərə gündə bir konsert təşkil olunur"
RƏMİŞ: "MƏnim isƏ buna maddi imkanım Çatmır"
"HƏRDƏN SEGAH ÇALA-ÇALA ÖZÜM DƏ AĞLAYIRAM"

Növbəti şənbə qonağımız məşhur gitara ustası Rəmiş oldu. Əsl adı Rafiq Hüseynovdur. Amma bunu çox az adam bilir. Elə biz də bilməyənlər üçün xatırlatdıq ki, Rəmişi daha yaxından tanısınlar. Çünki onun sənəti haqqında bilməyə, şəxsiyyətini tanımağa dəyər. Biz onunla həmsöhbət olandan sonra buna bir daha əmin olduq. Sənətkar redaksiyamıza gələn kimi qapının kandarında bir siqaret yandırdı. Həyat yoldaşı Gülü (Rəmiş onu belə çağırır-red.) Rəmişə göz-qaş elədi ki, siqareti at o yana, müsahibəyə gəlmisən, keç içəri. Rəmiş də siqareti bircə dəfə sinəsinə çəkəndən sonra "bax, sənə görə atdım" deyib siqareti tulladı və müsahibə otağına keçdi. Burada isə həm bizim, həm də oxucuların suallarını yarızarafat, yarıciddi, amma səmimi şəkildə cavablandırdı. Burada onun iç dünyası da açıldı. Rəmiş - bir az səmimi, bir az zarafatcıl, bir az da kövrək insan. Rəmiş bizə böyük sənətkar, amma çox sadə insan təsiri bağışladı.O, bəribaşdan "xahiş edirəm, mənə Rəmiş müəllim yox, Rəmiş deyin. Böyükdən kiçiyə, hər kəs məni belə çağırır. Bu, mənə həm xoş gəlir, həm də artıq belə öyrəşmişəm" dedi. Biz də sənətkarın istəyini nəzərə aldıq, bir az qəribə görünsə belə.

- Rəmiş, hər kəs gitaranı məhz sizin ifanızda sevib, bəs özünüzün gitara ilə bağlılığınız necə olub?

- Mən fəaliyyətə Əhməd Bakıxanovun ansamblında tarla başlamışam. Sonra hərbi xidmətə getdim, uşaqlarla hərdən əylənmək üçün bir yerə yığılırdıq. Orada tar yox idi, onu gitara ilə əvəz edirdim. Sonra hərbi xidməti başa vurub qayıtdım və Baba Salamovun ansamblında çalışdım. O mənə dedi ki, qarmon ifaçısı Aftandil də daxil olmaqla üçümüz Göyçaya toya getməliyik. Həmin toyda mən gitara çaldım, Süleyman Abdullayevin özü də "Dəşti" təsnifini ifa etdi. Elə o vaxtdan məndə gitaraya qarşı məhəbbət yarandı. Amma televiziyaya çıxmağa icazə vermirdilər. Sonra Əfrasiyab Bədəlbəyli, Vaqif Mustafazadə və mən bir ansambl yaratdıq. Bir müddət bu üçlük fəaliyyət göstərdikdən sonra hiss etdim ki, xalqda gitaraya qarşı böyük məhəbbət yaranıb. Amma bəzi tar çalanlar məndən sonra gitara çalmağa başladılar. Onda İslam Rzayev dedi ki, tar çalanlar saçlarını uzadıblar və 1-2 blok siqaret alıb gitaraya keçiblər ki, özlərini Rəmişə oxşatsınlar. Amma onlardan Rəmiş olan deyil. Həm də o vaxt gitaranı xalqa sevdirmək bir az çətin idi. Deyirdilər, necə olur ki, başqa ölkənin musiqi aləti Azərbaycanda bu qədər sevilə bilər, ona tələbat ola bilər və efirə çıxa bilər? Bu sualın cavabını maestro yaxşı verdi və dedi ki, bəyəm royal, akkardion, klarnet, qarmon Azərbaycanın musiqi alətidir? Əgər bu alətləri azərbaycanlılar ifa edirsə, onları dünyaya, xalqa sevdirirsə, onda bizim alətimizdir. Əgər mən gitaranı camaata sevdirmişəmsə, onu ölənə qədər əlimdən yerə qoymayacam.

- Bir müddət Zeynəb Xanlarovanın ansamblında çalışdınız. Sonra necə oldu ki, tək fəaliyyət göstərmək qərarına gəldiniz?

- Bəli. Zeynəb Xanlarovanın ansamblında bir müddət çalışdım. Buna baxmayaraq, solo ifaçısı kimi ansamblsız toylara gedirdim. Məni müxtəlif xalqların nümayəndələri - gürcülər, yevreylər Almatıya, Kislovodska, Daşkəndə toylara dəvət edirdilər. Artıq 12-13 yaşlarından adım Azərbaycanla bir çəkilirdi. Çünki bu sənəti məşq edib öyrənməmişəm, Allahın payıdır. (Barmaqlarını göstərir): bunlar 40 ilin "mozol"udur. Mənim 12-13 yaşım olanda televiziya yox idi, radiolarda çıxış edirdim, camaat da mənə radiodan qulaq asırdı. Beləliklə, hər kəs məni tanıdı.

- Bayaq qeyd etdiniz ki, fəaliyyətə tarla başlamısınız. Daha hansı alətlərdə ifa etməyi bacarırsınız?

- Fikrət Əmirovun "Şur" filmi çəkilirdi. Biz də çəkiliş üçün ansamblda ifa etməli idik. Pianino çalan gəlməmişdi, Ənvər müəllim məni royalın arxasında əyləşdirdi ki, çal. Sonra ud çalanı əvəz etmişəm. Odur ki, bir neçə alətdə çalmağı bacarıram. Amma mənim üçün gitara başqa bir aləmdir, mənim qəlbimdə onun yeri başqadır. Yəqin ki, bu, Allahın mənə verdiyi hədiyyədir. Bəzi gitara çalanlar kimi 8 saat məşq etmirəm, nə vaxt ürəyimdən keçirsə, lazım olursa, o dəqiqə də çalıram. Ona görə də hər zaman gitara maşının "baqajı"nda olur.

- Siz də fəxri ad almayanlar sırasındasınız, incimirsiniz?

- Yox. O fəxri adda ki, artist sözü var, onu qəbul etmək də istəmirəm. Çünki "artist" sözündən xoşum gəlmir. Amma "incəsənət xadimi" adı yaxşıdır, gözəl də səslənir.

- Xalq tərəfindən sevgi ilə əhatə olunmusan, daha nəyin çatmır, nəyə ehtiyacın var?

- Millətin alqışına ehtiyacım var... İndi çıxan müğənnilər üçün gündə bir konsert təşkil olunur. Mənim isə buna maddi imkanım çatmır. Mənim adıma şəhərlərə afişalarımı vuran bir insan lazımdır ki, camaat konsertimə gəlsin, mən onların qarşısında özümü göstərim. Necə olur ki, Moskvada, Sankt-Peterburqda "Lidovıy Dvorets"də konsertim təşkil olunur, amma Vətənimdə yox? Bu, əsasən də təşkilatçıların üzərinə düşür. Bu gitara ilə camaatı həm ağladıram, həm də güldürürəm.

Azərbaycanda əvvəllər konsertlərim çox olub, amma indi yox. Bu barədə kiməsə müraciət edəsi deyiləm. Birincisi, bunu etməyə məndə o üz yoxdur, ikinci isə mənə yaraşmaz. Amma bu barədə təkliflər də gəlməyib. Digər tərəfdən, bir parça çörəyim var, evim var, maşınım var, Gülü də yanımdadır (həyat yoldaşın nəzərdə tutur- red), bəs edər. Artıq meydana "yaxşı" sənətçilər çıxıb, konserti onlar verirsə, bu bəsdir. Yaxın vaxtlarda İctimai Televiziyanın həyətində bir konsert verəcəm, gitara ilə yanaşı tar da çalacam, qoy tar çalanlar görsün ki, tarı necə ifa edirlər. Bunu mütləq onlara göstərmək lazımdır. İndiyə qədər fikirləşirdim ki, insan özündən razı olmaz, amma görürəm ki, hər kəs özünü öyür ki, məndən yoxdur.

- Bəlkə zəmanə ilə ayaqlaşmırsan?

- Ayaqlaşmaq fikrim də yoxdur. Gedib şou-biznesə qoşulası deyiləm ki. Əgər konsert baxımından deyirsinizsə, bir təşkilatçının istəyi olsa, bunu həyata keçirə bilər. Televiziya çəkilişlərinə gedəndə əvvəlcə soruşuram ki, görüm kimlər olacaq. Xoşuma gəlməyən insanlar olanda getmirəm. Çünki şou-biznes əhli ilə mənimki tutmaz.

- Bayaq Moskvada keçirilən konsertindən söhbət açdınız. Gitaranızın səsi daha hansı şəhərlərə əks-səda verib?

- Bir çox ölkələrdə, eləcə də Türkiyədə. Bir gün orada televiziyada canlı yayımda konsert proqramı ilə çıxış edirdik. Həmin konsertdə gitara çalanlar çox idi. Biri məni sıxışdırmaq istədi, amma alınmadı, heç buna imkan da vermədim.

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- Bu sualdan sonra yadıma hansısa qəzəldən bir misra düşdü:

.Əzəldən dostumun zəliliyəm mən...

Sözüm ondadır ki, heç vaxt qiymət oxumuram. 1 manat da verirlər, 100 manat da. Bəzən heç pul da almıram. Çünki dostdan-tanışdan pul almağa üzüm gəlmir. Əgər böyük sənətkar musiqini millətə bağışlamaq üçün onu pulla ölçürsə, mən eləsinə qiymət verə bilmərəm. Toya gedəndə bütün millət sakitcə ifa etdiyim musiqilərə qulaq asır.

- Bəs necə dolanırsan?

- Dostlarımın canı sağ olsun, onlar kömək edir. Bir gün təzə maşın alırdım, 2 min dollar çatmadı, dostlarımdan birinə zəng edən kimi mənə pul gətirdilər.

- Xeyli müddət Moskvada yaşadınız. Bu, nə ilə əlaqəli idi, sizi burada narazı salan bir şey vardı, yoxsa...

- Yox, qətiyyən. Sadəcə burada yaşamağa evim yox idi. Xəstəliyimə görə evimi satdım, bütün pullar müalicəmə, dava-dərmana xərcləndi. Sonra Gülü mənə dedi ki, sənə yaşamaq lazımdır. Elə bil yuxudan ayıldım və Moskvaya getdim, pul qazandım, maşın aldım, həm burada, həm də Moskvada evim var.

- Bəzən deyirlər ki, əsl insan odur ki, keçmişini unutmasın. Sən keçmişinə dönəndə nələri xatırlayırsan?

- Çox şeyləri. Ümumiyyətlə, keçmişdə acılı-şirinli çox xatirələrim var. Həyatım rəngarəng olub, yaxşı günlərim də, pis günlərim də olub. Amma nədənsə həmişə yaxşı günlər yadda qalır. Buna baxmayaraq, mən pis günü yaxşı gündən çox istəyirəm.

- Çətin anlarınızda yardımçınız kimlər olub?

- Qardaşlarım, dostlarım və Gülü.

- Rəmiş doğulduğu, boya-başa çatdığı Qarabağ torpağını necə xatırlayır?

- Mən Qarabağı son dəfə şəkildə gördüm. İnanın, Qarabağdan əsər-əlamət yox idi, daş-daş üstündə deyildi. Doğulduğum Ağdam torpağı üçün burnumun ucu göynəyir. Düzdür, 41 ildir ki, Bakıda oluram, amma yenə də vətən həsrəti çəkirəm. Amma inanıram ki, Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Qarabağ azad olunacaq.

- Hər bir insanın ürəyində bir arzusu var. Bəs Rəmişin Qarabağa dönən kimi orada həyata keçirmək istədiyi ən böyük arzusu nədır?

- Dədə-babalarımızın məzarlarını ziyarət etmək.

Telefon zəngi.

- Rəmiş müəllim, sizin düşməniniz var?

-Yeganə düşmənim var, o da ermənidir. Başqa düşmənim yoxdur. Böyük korifey sənətkarlardan tutmuş, balacalara kimi hər kəslə dostam. Heç bir insanla mənim pis münasibətim olmayıb. Amma musiqiçilərdən bircə Aftandil İsrafilovla oturub-dururam. Aftandillə münasibətlərim mən Bakıya gələn gündən yaxşıdır, vaxtilə onlarda çox qalmışam.

- Rəmiş, bu yaxınlarda gitaranı oğurlamışdılar. Eşitdiyimə görə göz yaşlarını saxlaya bilməmisən.

- Ağladım... Mən həmişə deyirəm ki, gitaram mənim birinci sevgilimdir. Əgər o 20-30 il mənimlə bir yerdə olubsa, niyə ağlamayım? Dənizdən balığı çıxarsan necə olar? Ölər də. Əgər mənim də gitaram oğurlanıbsa, onda mən də ölü kimiyəm.

- Həyatda ən çox nədən qorxursan?

- Əzizlərimi itirməkdən. Çünki atamı itirəndə çox qorxdum. Onda adam özünü yetim, kimsəsiz kimi hiss edir.

- Hətta bu yaşında belə?

- Yaşın nə fərqi var ki? Onlar hər yaş həddində sənin üçün yenə də valideyndir, doğmadır.

- Özünü ruhən neçə yaşında hiss edirsən?

- Mənim 15-20 yaşım var (gülür).

- Bəzən deyirlər ki, 50 yaşdan sonra insanın içində qorxu hissi olur ki, ölüm onu hər an yaxalaya bilər...

- İnsan anadan olanda onun alnına ölüm tarixi də yazılır. Ona görə də hərənin öz vaxtı var.

Növbəti telefon zəngi daxil olur.

- Deyirlər, bu dünyada cəzasını almayan insanlar mütləq o biri dünyada alacaqlar. Rəmiş o dünyanın varlığına inanırmı?

- Nə var bu dünyada var, cənnət də, cəhənnəm də.

- Kədərli anlarında, özünü tənha hiss etdiyin vaxtlarda hansı sənətkarları dinləyirsən?

- Milliyyətindən asılı olmayaraq, istənilən bir sənətkarın musiqisinə, ifasına qulaq asıram. Əgər gözlərim dolsa... (qəhərlənir). Fikir verməyin, hərdən kədərli anlarımda ağlayıram. Özü də hönkür-hönkür. Hərdən də gitaranı köksümə sıxıb segah çala-çala ağlayıram.

- Nədir səni ağladan?

- Ədalətsizlik, haqsızlıq.