Tanınmış teleaparıcı İlahə Nizamiqızının Milli.Az xəbər portalına müsahibəsi.



- Son zamanlar boşanmaların sayı artıb. Ola bilər ki, bu cür problemləri nəzərə alıb, hələ də ailə qurmursunuz?

- Ailə qurmağımla bağlı ilk dəfə sizə məlumat vermişdim ki, əgər ailə qursam, bunu ictimaiyyətdən gizli saxlayacağam. Amma eksklüziv olaraq, Milli.Az-a açıqlayıram ki, ailə quracağam, toyum olacaq. Təxminən sentyabrda, yaxud ola bilər ki, bir müddət sonra olsun. Səbəb isə ailələrimizin razılıq vermələrinə baxmayaraq, mən hələ də düşünürəm. Hər bir qadın ana olmaq arzusundadır.

Toyda təbii ki, sənət dostlarım, müğənnilərimiz və jurnalistlər də iştirak edəcəklər. Digər tanınmış sənətçilər kimi medianı qapı arxasında saxlamayacağam. Jurnalistlərə hörmətim olduğundan, onları dəvət edəcəyəm. Yalnız foto və video çəkiliş istəmirəm. Sənətçiləri də anlayıram, onlar istəyirlər ki, toylarında rahat olsunlar. Amma sənətçilər də anlasınlar ki, məhşur olduqlarından, ictimaiyyət üçün də maraqlıdırlar.

- Toyunuzda qeyri-adi nə isə gözlənilirmi?

- Toyla bağla onu deyə bilərəm ki, adını açıqlamayacağım məşhur ssenari müəllifi olan dostumun ssenarisi əsasında toy hazırlanacaq. Toy, film kimi lentə alınacaq. Bunu da bəy özü istəyib. Toyun qeyri-adiliyi də elə bundadır.

- Bəs, bəy kimdir?

- Bəy haqqında onu deyə bilərəm ki, o, azərbaycanlıdır, Rusiyada yaşayır. İş adamıdır. Rusiya Federasiyasında olanda onunla tanış olmuşam.

- İlk tanışlıqdan onunla ailə qurmağa razılıq verdin?

- Ailə qurmağımla bağlı 6-7 ildir ki, təkliflər alıram. Məhz bu səbəbdən də çox düşünürdüm. Özümə əmin deyildim ki, sabah ona həyat yoldaşı ola bilərəm. Çox düşünürdüm ki, sabah hər hansı bir səbəb bizim ayrılmağımızla nəticələnə bilər. Çünki kaprizli insan olduğumdan, ürəyimə yaxın ola bilməyən insanla bir yerdə yaşaya bilmərəm. Amma həmin insanı tanıdıqdan sonra hiss etdim ki, xasiyyətcə mənə yaxın olan bir insandır. Mən ailə qurmuram ki, ayrılım. Ona görə də istəyirəm ki, bu evlilik müvəqqəti olmasın.

- İşinlə bağlı gələcək həyat yoldaşının hər hansı tərəddüdü var?

- Sənətimə heç bir tərəddüdü yoxdur. Sadəcə olaraq, o, Rusiyada yaşayır, mən isə Bakıda... Yenə də ilk dəfə sizə açıqlayıram ki, tanınmış rejissor Nail Naiboğlu ilə çox gözəl verilişimiz gerçəkləşəcək. Artıq çəkilişlərə başlamışıq. İşlərimin Bakıda olması ilə əlaqədar, gələcək ərim də Bakıya gələcək və öz ticarət işlərini burada davam etdirəcək.

Fuad Mədətov
Milli.Az