Dünən “Azəri star” telemüsabiqəsinin ilk iştirakçısı və daha sonra təşkilatçısı olan müğənni Pərvin Lətifovun toyu oldu. Milli.Az xəbər portalının məlumatına görə, müğənni Pərvin Lətifov öz xalası qızı Əfsanə ilə ailə həyatı qurdu. Bakı şadlıq sarayların birində keçirilən toya Pərvin və Əfsanə Azərbaycan xalq mahnısı olan “Vağzalı” sədalarının müşayiəti ilə salona daxil olaraq, lirik musiqi sədaları altında rəqs etdilər. Toya təşrif buyuran KİV-in çalışması üçün heç bir qadağalar olmasa da, yalnız Pərvin KİV nümayəndələrinə müraciət edərək gəlinin şəklinin çəkilməsini istəmədi. Pərvin bunun səbəbini gəlinin simasını ictimaiyyətdən gizlətməklə əsaslandırdı.

Ümumiyyətlə, bəy öz toyunda həm gəlinlə, həm qonaqlarla, həm də tək rəqs etməsi ilə daha çox seçilirdi. Bundan əlavə, Pərvinin müğənni Nazənin ilə duet oxuması da maraqlı məqamlardan biri idi. Toy əvvəl müğənni Abbas Bağırovun aparıcılığı ilə başlasa da, daha sonra eyni missiyanı Elçin Hüseynov davam etdirdi.

Toy zamanı diqqəti cəlb edən maraqlı məqamlar da oldu. Belə ki, izdivac verilişi olan “Toy olsun”nun aparıcıları Elgiz və Ulvira salonun mərkəzinə keçərək, əl-ələ cütlüyü təbrik etdilər. Daha sonra onlar gənc meyxanaçı ilə duet ifası ilə nəzərləri üzərilərinə çəkdilər.

Bundan başqa, müğənni Flora Kərimovanın Elarizlə yan-yana əyləşərək, səbəbkarların şəninə xoş sözlər söyləməsi, Nadir Bayramlının salonun kənarında tək əyləşməsi, Elçin Hüseynovun qonaqlara yaxınlaşaraq, nə isə pıçıldaması, Emil Bədəlovun aclıqdan kababı dişinə çəkməsi və Röyanın toya gec gəlib, jurnalistlərin olduğu masada əyləşməsi diqqət çəkən məqamlardan idi.

Onu da bildirək ki, müğənninin toyunda həmkar dostları Flora Kərimova, Nazənin, Röya, Abbas Bağırov, Emil Bədəlov, Elçin Hüseynov, Elariz, Vasif Məhərrəmli, Nadir Bayramlı, Nurlan Növrəsli, Fidan Süleymanova və başqa sənətçilər də iştirak edirdilər.

Fuad Mədətov
Milli.Az