Nazpəri Dostəliyeva - Məşhurluğun görünməyən tərəfləri çoxdu


AYSEL: Qayınanalıq statusuna tam hazırsınız?
N.D.: Yavaş-yavaş özümü hazırlayıram. Mən qayınanama yaxşı olmuşam, inanıram ki, gəlinim də mənə yaxşı olacaq. Çünki həyatda hər şey qarşılıqlıdır. Nə tökərsən aşına, o da çıxar qaşığına. Çox şükür olsun ki, gəlinim olduqca tərbiyəli və ağıllıdır. 16 yaşında müasir bir qızdır və buna baxmayaraq, mən artıq hiss edirəm ki, o, sənət adamı Nazpəri ilə qayınana Nazpəri arasındakı fərqi görür. Hər halda, yaxşı qayınana kimi özümə əminəm.
AYSEL: Gəlininizin və ya qızınız olsaydı onun müğənni olmaq istəyinə necə baxardınız?
N.D.: İstəyi olsaydı, heç vaxt yox deməzdim. Amma özüm arxasında dayanmaq şərtilə. Bu işdə təcrübə lazımdır, bunu da ki, mən öyrədə bilərdim. Necə deyərlər, universitet onun öz evində olacaqdı, uzağa getmək lazım gəlməyəcəkdi.
AYSEL: Məşhurluğun arxasında hansı çətinliklər gizlənir?
N.D.: Ən azı, xoşbəxtlik yoxdur. Şəxsən mənim bu həyatda və səhnədə qazandıqlarımın hamısı kədərimlə bağlıdır. Arsız olub heç nəyə laqeyd qala bilməmişəm. Elə müğənnilər var ki, səhnəyə çıxanda onu gənclər fitlə qarşılayır, qışqırıb-bağırırlar. Ona elə gəlir ki, bu sevgidir. Amma bu sevgi deyil. Bu çox çətin peşədi. Elə olmalısan ki, xalqın sənə hörmət etsin. Qulaq verib haqqında danışılanları eşitmək lazımdır. Düzdür, mən bu imtahandan həmişə üzüağ çıxmışam. Mən bilirəm ki, sadəliyim və səmimiyyətim sevilir. Sənət adamı kimi xalqın məndən nə istədiyini başa düşmüşəm. O məndən yalnız oxumağımı istəyir? Xeyr, elə olub ki, o məndən maddi yardım da istəyib, sadəcə, mənəvi dayaq olmağımı da. Məşhurluğun görünməyən tərəfləri çoxdur. Təsəvvür edin, səhnəyə çıxmısan və sənə qulaq asmağa gələnlərin bəlkə evlərində böyük problemləri var və yaxud da tam əksinə, mənim problemim var. Amma mən oxumalıyam. İnsanlar konsertimə mənə hörmət edib gəliblər. Mənim onları məyus etməyə, günlərini korlamağa ixtiyarım yoxdur. Görün bu nə qədər çətindir.
AYSEL: İndi gənclərin kütləvi şəkildə şou-biznesə qatılmaq istəyini nə ilə izah edə bilərsiniz. Azərbaycana bu qədər müğənni istehsalı doğrudan lazımdır?
N.D.: Bu mənada çoxluq yaxşı əlamət deyil. Dəhşətli bir dövr gəlib çıxıb. Bu çoxluğu öz maddi durumu xatirinə yaradanlar var. Əsas səbəb budur. Kimisə atırlar ortaya və ondan pul qazanırlar. Bu sənətin içində olduğum üçün bilirəm bunları. Elə şeylər var ki, onları eşidəndə ayağım altından yer qaçır.
AYSEL: Necə şeylər?
N.D.: Soruşanda ki, bəs sənət? Əşi, nə sənət deyənlər var. Bu dəhşətdir. Bugünkü əcaib axını yaradanlar var. Bunun ən böyük səbəbkarı televiziyalar və telefon mesajlarıdır. Bu gün mesajla yaranan nə varsa, mən onu bir azərbaycanlı kimi qəbul etmirəm. Burada nə var ki, tutaq, sən mənim adamımsan, dost-tanışla yığışıb sənə çoxlu mesaj göndəririk, sən də olursan birinci. Bəyəm bu çətindir? Və yaxud da o gələn mesajları qəbul edən aparata nəzarət edənin öz adamın olması çətindir? Əvvəllər bəstəkarların, tanınmış ziyalıların verdiyi qiymət olmasaydı, asanlıqla səhnəyə çıxmaq mümkün olmazdı. Azərbaycan sənətini Azərbaycanın ziyalıları seçirdi.
AYSEL: Televiziyalardan söz açdınız. Şou əhlinə həsr olunmuş verilişlərdə sizi ən çox nə qıcıqlandırır?
N.D.: Şit hərəkətlər. Şou-biznesi tərbiyəsizliklə birləşdirirlər və imkan vermirlər ki, xalq şounun əslində nə olduğunu anlasın. Bütün əcaiblikləri şou bunu tələb edir deyərək şounun ayağına yazırlar. Şounun özü də xalqın xasiyyətinə görə olmalıdır. Ola bilər ki, Rusiya və ya Amerikada qəbul olunmuş şeylər bizə uyğun gəlmir. Bunları nəzərə almaq lazımdır.
AYSEL: Vəziyyəti düzəltmək üçün nə etmək lazımdır?
N.D.: Yeganə yolu təhsildir.
AYSEL: Müğənnilərin maddi gəlirləri ilə bağlı həmişə çoxlu şayiələr gəzir. Vergi ödəyirsiniz?
N.D.: Əlbəttə, ödəyirəm. Mən vaxtlı-vaxtında vergi ödəməliyəm ki, hökumətin büdcəsinə getsin.
AYSEL: Büdcə demişkən, öz gəlirlərinizi necə idarə edirsiniz? Əsas xərcləriniz nəyə gedir?
N.D.: Bir çox şeylərə. Bura pal-paltar, klip çəkilişləri, formada qalmaq üçün lazım olan vəsaitlər və s. daxildir. Bu uzun siyahıdır və qəliz məsələdir. Bəlkə də bu gün heç bir müğənni deyə bilməz ki, onun gəliri ilə çıxarı yüzdə yüz özünü doğruldur.
AYSEL: Sizdə necə, doğruldur?
N.D.: İçi özüm qarışıq deyirəm. Səbəbi də odur ki, biz hələ şou-biznesin qayda-qanunları ilə təzə-təzə tanış oluruq. Bizdə bu biznes xarici ölkələrdəki kimi deyil. Orada sənət adamları konsertlərindən, kaset və disk satışından, reklamdan normal pul qazanırlar. Misal üçün bir detalı deyim, üzərində mənim şəkillərim olan bloknotlar, dəftərlər, konfet qutularını Sədərəkdən başlayaraq Sankt-Peterburqa qədər görmüşəm. Sonra mən vəkilim vasitəsilə bunların qarşısını aldım. Çünki bunlar hüquqi baxımdan razılaşdırılmamış və özbaşına fəaliyyətdir. Başqa ölkələrdə bu, mügənni ilə razılaşdırılır və dəyərlə bağlı müqavilə bağlanır. Moskvada və Fransada mənim adıma ətir istehsal olunmasını təklif etmişdilər. Mən imtina etdim. Bilirsiniz niyə? Çünki əmin idim ki, çox keçməyəcəkdi, həmin ətrin saxta buraxılışları aləmi başına götürəcəkdi və mənə hörmət edən insanlara ətrin əsli deyil, əcaib bir məhsul qismət olacaqdı. Bu isə illərlə qazandığın hörmətə və pərəstişə zərbə kimi bir şeydir.
AYSEL: Heç elə olurmu ki, özünüzə qapılıb tək qalmaq istəyirsiniz?
N.D.: Bəli, olur. Mən təbiətən başqalarını öz problemlərimlə yükləməyi xoşlamıram. Bəzən yaxınlarım bunu mənə irad tuturlar. Məhz belə hallarımda özümə qapılıb hər şeyi analiz etməyə və hadisələrə kənardan baxmağa çalışıram.
AYSEL: Kitab oxuyursunuz?
N.D.: Vaxtım olanda mütləq oxuyuram. Əvvəllər çox mütaliə edərdim. Sevdiyim yazıçı Çingiz Abdullayevdir. Bəzən çəkilişlərarası vaxt tapan kimi onun əsərlərini oxuyuram.
AYSEL: Nazpəri Dostəliyeva Azərbaycanın musiqi tarixində qalacaqmı?
N.D.: Bunu yalnız zaman göstərə bilər. Bir şeyi deyim ki, vaxtilə Xan Şuşinski və onun kimi sənətkarların ağlına da gəlməzdi ki, tarixdə qalacaqlar və bizim nəsil onları tanıyacaq. Bunun hamısı sənətdir; sənət varsa, tarix də olacaq. Atam aşıq Əhməd Əli aşıq Şakir, aşıq Pənah və aşıq Şərbətin müasiri olub. Amma oğlunun vaxtsız vəfatı atamı sənətdən uzaqlaşdırdı. Mən rayonlarda olanda atam haqqında bir sənətkar kimi o qədər gözəl xatirələr eşidirəm ki. Bu artıq tarixdə qalmaqdır. İnanıram, mənim də adım musiqi tarixində qalacaq.

AYSEL