Münsiflər Oqtay Rəcəbov və Aygün Bəylər final yarışmasında iştirak etmədilər.

Milli.Az xəbər portalı bildirir ki, “Azəri star 2011” musiqi müsabiqəsi başa çatdı. Müsabiqənin dünənki mərhələsində aparıcılar - Azərbaycanın əməkdar artisti Firdovsi Atakişiyev və teleaparıcı Xədicə Sənanqızı müsabiqə iştirakçılarının martın 29-dakı çıxışları ilə bağlı səsvermənin nəticələrini açıqlayaraq, finalçıları təqdim ediblər.

"Azəri Star 2011" adı uğrunda 10 ifaçı – Aslan Rəhimoğlu, Fəqan Səfərov, Siyasət Cəfərov, Xəyyam Zeynalov, Tural Əsgərov, Hüseyn Kərimov, Nicat Əlibəyli, Vüqar Əliyev, Aynurə Şirinova və Turan Səfərli mübarizə aparırdılar.

Bu dəfə isə münsiflər heyətində Akademik Milli Dram Teatrının aktyoru Telman Əliyev və layihənin rəhbəri Əlibəy Dadaşov əyləşmişdilər. Çünki Azərbaycan musiqisinin korifeyi, bəstəkar Oqtay Rəcəbov və əməkdar artist Aygün Bəylər dünən keçirilən yekun buraxılışa qatılmamışdılar. Oqtay Rəcəbov qolundan zədələndiyi üçün və Aygün Bəylər isə üzrlü səbəblərdən verlilişə gələ bilməmişdilər.

Tamaşaçılar arasında keçirilmiş səsvermənin nəticələrinə görə, aparıcılar iştirakçıları sondan ilk üçlüyə kimi təqdim ediblər.

Sonuncu yerə Aynurə Şirinova çıxıb. Daha sonra növbəti yerlərə Turan Səfərli, Hüseyn Kərimov, Siyasət Cəfərov, Nicat Əlibəyli, Tural Əsgərov, Xəyyam Zeynalov və üçüncü yerə isə Aslan Rəhimoğlu layiq görülüblər.

Sonda səhnəyə dəvət olunan Fəqan Səfərov ikinci yerə layiq bilindi. Vüqar Əliyev isə müsabiqənin qalibi seçildi.

Onu da qeyd edək ki, hər bir iştirakçıya Fəxri Diplomlar və qiymətli hədiyyələr təqdim olundu.

Daha sonra münsiflər iştirakçılara uğular arzulayaraq, yaradıcılıq işlərində məsuliyyətli olamağlarını bildiriblər.

Final yarışmasına müğənnilər Xatirə İslam, Nurlan Növrəsli, Kərim Abbasov və Elnur Məmmədov qonaq qismində dəvət almışdılar. Hər bir müğənni repertuarlarında yer alan mahnıları ifa etdilər. Müğənni Pərvin Lətifov isə yarışmanın sonuna yaxın canlı ifası ilə tamaşaçılara xoş təsir bağışladı.

Yarışma zamanı həmişəki kimi zarafatlarından qalmayan Firdovsi Atakişiyev və Xədicə Sənanqızı tamaşaçılarda xoş təəssürat yaratdılar. Bundan əlavə, F.Atakişiyev “Ayrılıq” mahnısını oxudu. O, bu ifası ilə “Nar otağında” olan iştirakçılarda maraq oyatdı.

Müsabiqə zamanı "Trend" informasiya agentliyinin, Day.Az və Milli.Az xəbər portalının, o cümlədən “Nissan” avtomobil şirkətinin favoriti Fəqan Səfərovu olduğu açıqlandı.
Beləliklə, 2 ay ərzində davam edən “Azəri star 2011” mahnı müsabiqəsi yekunlaşdı.
Layihənin rəhbəri Əlibəy Dadaşov Milli.Az xəbər portalına müsabiqənin finalçıları ilə bağlı danışaraq, müəyyən layihələrdə, konsert proqramlarında onların iştirakını təmin edəcəyini qeyd etdi. Layihə rəhbəri onu da əlavə etdi ki, iştirakçıların potensialını nəzərə alaraq, onların tanınmasında dəstək olacaqdır.


Məlumat üçün bildirək ki, “A&P production”un təşkilatçılığı ilə gerçəkləşən “Azəri Star 2011” mahnı müsabiqəsinin rəhbərləri Əlibəy Dadaşov və Pərvin Lətifov, koordinatorları isə Elşən Osmanov və Əfsanə Məmmədovadır.

“Nar mobile”nın sponsorluğu olduğu müsabiqə hər cümə axşamı saat 22.00-da “Lider” telekanalında yayımlanır. Müsaqibənin başlıca məqsədi Azərbaycan bəstəkarlarının klassik əsərlərinin ifası və təbliğidir. Hər cümə günü isə yetərincə səs toplaya bilməyən iştirakçı müsabiqədən kənarlaşdırılır. Yarışma zamanı iştirakçıları müşayiət edən "Azəri Star 2011" musiqi müsabiqəsinin ansamblıdır. Ansanblın bədii rəhbəri Saleh Məmmədovdur.

"Azəri Star 2011" yarışmasının informasiya dəstəyi "Trend" informasiya agentliyi, Day.Az və Milli.Az xəbər portalına məxsusdur.

Fuad Mədətov