Nahid Emiloğlu külli miqdarda "pul atıb"?

Milli.Az xəbər portalı bildirir ki, ötən il Space telekanalında yayılan “Sən bir nəğməsən” yarışmasının başa çatmaması bir sira söz-söhbətlərə yol açdı. Qeyd edək ki, layihənin sonunda finalçılara bir sıra mükafatlar və qalibə mənzil vəd olunsa da, 2010-cu ilin sentyabrında keçirilməli olan “Sən bir nəğməsən” layihəsinin final şousu bu günə qədər baş tutmayıb və layihə rəhbəri, tanınmış təşkilatçı Nahid Emiloğlu hazırda Türkiyədədir.

Bu gün telelayihənin koordinatoru Sübhanə İsgəndərova bizimlə əlaqə saxlayaraq yarışmada yaşanan problemlərdən danışdı. O, Milli.Az-a açıqlamasında təşkilatçının barəsində çox ciddi iddialar irəli sürdü: “Nahidin yarışma boyu ciddi maliyyə problemləri vardı. Kömək üçün mənə də müraciət elədi. Dost-tanışlardan 11000 AZN toplayıb ona verdim, çünki bir neçə günə qaytaracağını demişdi. Bir ay, iki ay keçdi, Nahiddən xəbər çıxmadı. Hər dəfə məni bu gün, sabaha saldı, indi isə telefonlarıma da cavab vermir. 8 ay çalışdığım müddətdə bir manat da olsa əmək haqqı almamışam”. Sübhanə İsgəndərova ciddi addımlar atacağını da acıqladı: “Gedib oturub Türkiyədə, layihə iştirakçıları onu tapmır, hamı şikayatini mənə edir. Bilmirəm ortalıqda qalan bu uşaqlara cavab verim, yoxsa borc sahiblərinə. Bu bir il ərzində saglamlığım da əlimdən gedib. Pul sahiblərindən kobud və təhqiramiz sözlər eşitməkdən əsəb xəstəliyinə tutulmuşam. Odur ki, daha susmaq fikrim yoxdu, əgər Nahid bir neçə günə də üzə çıxmasa, aidiyyatı orqanlara üz tutub pulumu qanuni yolla alacağam”.

Nahid Emiloğlu ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Qarşı tərəfin fikrini yayımlamağa hazırıq.

Afaq