Moskvada yaşayan azərbaycanlı gitaraçı, Rusiyanın və Azərbaycanın əməkdar artisti Sərxan Sərxan arabir Bakıya gəlir. Amma əksərən - "səssiz". Ondan bir sənət xəbəri eşitmək mümkün olmur. Budəfəki gəlişi də hər hansı layihə ilə bağlı deyil, sadəcə, yaxınlarına baş çəkməyə gəlib. Deyir ki, burada hər şey çox dəyişib və özünü Bakıda ancaq bir qonaq kimi görür. Buranın səhnəsinin ona heç uyğun gəlmədiyini, özünü burada yad hesab etdiyini sözlərinə əlavə edir. Bunun səbəbini soruşuruq:

- Çünki buradakı müğənnilərin hamısı ancaq toy mədəniyyətinə malikdir. Məndə isə səhnə mədəniyyətidir. Sözün düzü, bu məsələdə təkcə bizim yazıq müğənniləri qınamaq düzgün deyil. Bəlkə də onlar səhnə mədəniyyətini istəyərdilər, ancaq səhnə tapa bilmirlər... Puldan ötrü ancaq toy səhnəsində olurlar. Səhnə mədəniyyəti yoxdur, olan da artıq ölüb. Mənim mədəniyyətim isə toy mədəniyyəti ilə uyğun gəlmir. Ona görə də özümü burada heç görmür və buranın atmosferini özümə yad hesab edirəm.

- O zaman heç Azərbaycan toylarının səviyyəsi ilə də razı deyilsiniz...

- Bəli, razı deyiləm. Ona görə ki, adət-ənənə itib, heç kim bir-birinə qulaq asmır.

Şəhər əhalisi, ziyalılardan ibarət toy olanda qonaq kimi iştirak edirəm və beş mahnı oxuyub gedirəm. Moskvada da toylar, yubileylər olur və məni çağırırlar. Ancaq Moskvadakı mərasimlərdə daha çox ziyalılar olur. Burada mən qonaq kimi toya getmişdim, gördüklərim məni təəssüfləndirdi. Fikir verdim ki, heç kəs müğənniyə qulaq asmır, səsə qulaq asmır ki, görək bu nə oxuyur, necə oxuyur. Çox qəribədir ki, müxtəlif səbəblərə görə Bakıdan Moskvaya gedən azərbaycanlılar müğənniyə diqqətlə qulaq asırlar. Bu da bir mədəniyyətdir, tamaşaçı mədəniyyəti...

- Azərbaycandan kənarda Azərbaycan üçün heç darıxmırsınız?

- Darıxıram, niyə darıxmıram ki. Ancaq özümü görmürəm burada. Həmişə düşünürəm ki, görəsən Bakıya qayıtsam, burada nə ilə məşğul olacağam ki? Dedim axı, bura çox dəyişib. Bakıda 15 il əvvəlki mədəniyyət yoxdur, səhnə yox, o insanlar yox...

- Məhz bütün bunlar Sizi Azərbaycandan uzaqlaşdırır...

- Bəlkə də. Öz sənət yolumu Moskvadan başlamışam. Moskvada populyar olub buraya gəlmişəm. Əvvəl heç bilmirdilər ki, Bakıda Sərxan adında müğənni var. Ancaq biləndən sonra, yəni Moskvada məşhurlaşandan sonra nazirlikdən göstəriş verildi ki, bəs niyə Sərxan orada çalışır, gəlsin Azərbaycana, burada çalışsın. Sərxanın yanında Azərbaycanın adı olması da çox ağıllı düşünülmüş, reklam qazanmaq üçün yaxşı addım idi. Ölkəni həmişə idmançı və sənətçi reklam edir. O zamanlar mən Bakıda çox konsertlər verirdim. Yaşıl Teatrda, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, qəsəbələrdə konsertlər verirdim. Məndən çox konsert verən olmayıb.

- Deməli, Azərbaycana birdəfəlik gəlmək fikriniz yoxdur.

- Tutaq ki, birdəfəlik gəldim. Nə iş görəcəyəm, nə işlə məşğul olacağam. Bəlkə lap qocalanda, artıq əldən düşəndə gəlib burada yaşamağa qərar verdim.

- Bəs o zamana kimi sizi qane edəcək bir atmosfer yaransa necə?

- Nəyə lazımdır yeni atmosfer? Belədir, belə olub, belə də qalsın. Guya mən olmayanda nə olur ki?

- Moskvada konsert proqramlarınız, çıxışlarınız olurmu? Qastrol səfərlərinə gedirsiniz?

- Əlbəttə, silsilə konsertlərim təşkil olunur. Müxtəlif ölkələrdə, eləcə də Rusiya şəhərlərində konsertlər verirəm. Xaricdəki konsertləri də ruslar özləri təşkil edir.

- Azərbaycanda konsert təklifi alsaydınız, hansı Azərbaycan sənətçisi ilə səhnəni bölüşmək istərdiniz?

- Brilyant Dadaşova ilə... Onda səhnə mədəniyyəti ilə yanaşı, həm də gözəl səs var.

"Ayna" qəzeti