Xalq artisti Faiq Ağayev atasını itirdikdən sonra ilk dəfə səhnəyə çıxaraq mahnı ifa edib. Milli.Az xəbər portalının məlumatına görə, martın 7-də, 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən “Kişilər oxuyur” adlı konsertdə adından da məlum olduğu kimi, yalnız kişi müğənnilər çıxış edirdi.

Onların sırasında diqqətimizi cəlb edən 40 gün əvvəl atasının itirmiş xalq artisti Faiq Ağayev oldu. Tamaşaçıları üçün darıxdığını söyləyən xalq artisti ən gözəl mahnılarını ifa etdikdən sonra Milli.Az xəbər portalının əməkdaşı ilə söhbətində dedi: “Türk mahnısında deyildiyi kimi, “Yıxılmadım, ayaqdayam!” Mənim üçün çox çətin sınaq oldu. Amma bu sınaqdan da keçdim. Hər başıma gələndən sonra özümə hesabat verirəm və son hesabatım ağır gəldi. Çox acılı günlər yaşadım. Ancaq insan taleyə tabedir - məcburiyyət qarşısında yaşamalıyıq. İndi daha da yaxşı olmağa çalışıram”.

Konsertdə çıxış edən kişi müğənnilər sırasında Rəhim Rəhimli, Samir Bağırov, Elnur Məmmədov, Xəyyam Nisanov, İzzət Bağırov, Adil Baxışlı və meyxanaçı Namiq Qaraçuxurlu var idi. Tədbirinin aparıcıları isə NEXT qrupunun üzvləri idi.

Konsert biletlərinin üzərində iştirak edəcək müğənnilərin siyahı daha çox olsa da, bir qismi gözümüzə dəymədi. Konsertdə gələcəklərini söz verib, gəlməyənlər əməkdar artist İlqar Muradov, Azad Şabanov və HOST rep-qrupu idi.

Yeganə qadın müğənni və səhnəyə arxa çevirən stilist

Xanımlar üçün sürpriz "çiçək yağışı"nın gerçəkləşdiyi, təşkilatçı Tural Bayraməliyevin dəstəyi ilə baş tutan konsert zamanı səhnə xüsusi dekorasiyalarda idi.

Tamaşaçılar arasında qadın müğənnilərdən yalnız Xatun gözə dəydi.

Eyni zamanda, konsertdə "münasibət izharı" da oldu. Belə ki, məşhur stilist Samir Əliyev bir vaxtlar birgə çalışdığı Samir Bağırovun çıxışı başlayan kimi nümayişkaranə şəkildə arxasını səhnəyə çevirdi.

Mələk
Milli.Az