Türkiyədə yaşayıb çalışan azərbaycanlı müğənni Günel Zeynalova 8 mart Beynəlxalq Qadınlar günündə yaşadıqlarından danışıb. Milli.Az xəbər portalına açıqlama verən Günelin sözlərinə görə, o, bu bayramda bir az məyus oldu: “Bəlkə də heç tanımadığım biri avtomobilimin üzərinə əsrarəngiz güllər qoysaydı, xoşbəxt olardım. Nə gözəl və diqqətli bir jest olardı. Amma qoymadılar. Xəyal qırıqlığına uğradım (gülür). Özüm isə heç kimə hədiyyə almadım. 8 martda Türkiyənin “KanalTürk” televiziyasında Ece Erken və Davut Güloglunun qonağı idim. Günüm ümumilikdə yaxşı keçdi. Müxtəlif hədiyyələr aldım. Ancaq mənim üçün əsas hədiyyə deyil, diqqətdir”.

Anasından uzaqda olan müğənni bütün Azərbaycan xanımlarını təbrik etdi.
"Başda birinci xanım Mehriban Əliyeva və anam olmaqla, bütün xanımları təbrik edirəm və qadın xoşbəxtliyi arzu edirəm. Dünyada çirkin qadın yoxdur, hər biri gözəldir. Mən də istərdim bu günü gözəl anamın yanında keçirim. Amma nə etməli - iş başındayam”, - G.Zeynalova bildirdi.

Günel Bakıda verəcəyi solo konsert haqda yayılan xəbərə də biganə qalmadı: “İnternetdə yazılıb ki, fevralın 27-də Bakıda solo konsertim olmalı idi. Xeyr, bu yalnış xəbərdir. Mən ayın 27-si Bakıda idim, ancaq dayım qızının toyuna gəlmişdim. Bəzən yalandan o qədər xəbərlər yazırlar ki, xalqımdan küsürəm. Konsertim olacaq, ancaq vaxtını hələ bilmirəm. Bakıda keçiriləcək solo konsertim çox möhtəşəm olacaq. Böyük sürprizlər hazırlayıram və dayanmadan üzərimdə işləyirəm”.

Daha sonra o, konsert turundan bəhs etdi.
“Brüssel, Berlin, London və alman küçələrində qalmışam (gülür). Konsertlərim davam edir. İndi işlərim çoxdur. Sabah daha bir ölkəyə gedirəm, 14-ü qayıdıram. Sonra yenə 17-21-dək səfərdə olacağam. Bu konsertlərim böyük anşlaqla keçir”, - müğənni söylədi.

Mələk
Milli.Az