Azərbaycanın “Eurovision-2009” mahnı müsabiqəsindəki təmsilçisi Aysel Teymurzadə şou aləmində tanınandan sonra elçilərinin sayı artıb. Amma Aysel konkret seçim etməyə tələsmir. Kişi ilə qadın münasibətindən yaranan sevginin pik nöqtəsini axtaran sənətçi yalançı sevgilərin bu gün çox olduğunu deyir.

“Əksər gənclər sevgilərini SMS, internetlə yazaraq izhar edir. Bu elə bir hissdir ki, adi elektron ekranda yazılaraq etiraf edilməməlidir. Bunu qadının gözünün içinə baxaraq, romantik ortamda söyləmək yerinə düşər” - deyən Aysel bildirir ki, bəzən qızlar bu cür deyilən qeyri-səmimi sevgilərə inanırlar. Ona görə də əbədi sevgilər yaranmır.

Müğənni onu da deyir ki, sevgi günü-gündən adiləşir. O, əsl sevgini bu cür meyarlar üzərində görmək istəmir. Özü haqqında danışan müğənni dedi ki, əgər ailə həyatı qurmaq barədə düşünsə, bu, əcnəbi vətəndaş ola bilər.

“Bu barədə çoxdandır, hələ “Eurovision” səhnəsinə çıxmazdan əvvəl də düşünmüşəm. Əgər belə bir qismətim olarsa, bəyəndiyim təqdirdə, ailə həyatı quracam” - deyə müğənni bildirdi.

Xədicə
Milli.Az