“Eurovision-2011” mahnı müsabiqəsinin milli seçimlərinin fevralın 11-də Akademik Milli Dram Teatrında keçiriləcək final konsertinə son hazırlıq işləri görülür.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov AzərTAc-a bildirib ki, Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımovanın “Eurovision-2011”-də Azərbaycanın təmsilçisi olmaq uğrunda mübarizə aparacağı üç saatlıq konsert proqramında finalçılarla yanaşı, “Eurovision” ulduzlarının da çıxışları nəzərdə tutulur.

Bu dəfəki şouda seyrçilərə 2010-cu ildə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil etmiş Safurə Əlizadənin, Gürcüstan təmsilçisi Sofia Nijaradzenin, San Marinonun “Eurovision-2011”-dəki təmsilçisi Senitin, İsveçrənin “Eurovision-2011”-dəki nümayəndəsi Anna Rossinellinin, dünyada tanınmış DJ Devit Vendettanın və digər qonaqların ifaları təqdim olunacaq.

Final konserti İTV ilə yanaşı, “Eurovision” TV, Gürcüstanın İctimai Televiziyası və TRT vasitəsilə canlı yayımlanacaq. Proqramı [ və [ internet səhifələrində də canlı izləmək mümkün olacaq.

Konsertin sonunda münsiflər heyətinin səsverməsi nəticəsində Azərbaycanın “Eurovision-2011”-dəki təmsilçisi müəyyən ediləcək.

Final konsertində iştirak dəvətnamə ilə olacaq.

Milli.Az