Hazırda Türkiyədə olan xalq artisti Brilyant Dadaşova fevralın 11-də keçiriləcək «Eurovision-2011»in milli finalının qalibini gözləyənlərdəndir. Onun Milli.Az xəbər portalına bildirdiyinə görə, 5 nəfər iddiaçı arasında seçim etdiyi iştirakçı var - bu, onun yaxın rəfiqəsi olan Aygün Kazımovanın qızı İlqarə İbrahimovadır.
İlqarənin yarımfinaldakı çıxışlarını izləyən Brilyant xanım onun perfomansını «Eurovision» səhnəsi üçün münasib bildiyini qeyd edib.

«Eldar Qasvmovun da imkanları pis deyil. Amma qalib kimi İlqarəni görmək istəyirəm» - deyə Brilyant xanım qeyd edib.

Xalq artisti Türkiyə səfərindən də söz açdı. Bildirdi ki, hazırda onun Türkiyənin universitetlərindən birində pedaqoqluq fəaliyyəti ilə bağlı danışıqlar gedir. Tezliklə B.Dadaşova müəllim kimi qonşu ölkədə çalışacaq.

Qeyd edək ki, "Eurovision-2011" müsabiqəsində iştirak üçün Azərbaycanda milli seçim turunun final mərhələsində 5 ifaçı - Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova mübarizə aparacaq. Fevralın 11-də finalçıların ifasından sonra münsiflər heyətinin səsverməsi nəticəsində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisi müəyyən olunacaq. Final konserti fevralın 11-də saat 21.00-da İTV-də canlı yaymlanacaq.

Xədicə
Milli.Az