Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli “Media forum” saytına açıqlama verib. O bildirib ki, teleradio şirkətləri 2011-ci ilin əvvəlindən lisenziya müddətinin uzadılması üçün müraciət etməyə başlayıblar: “Qanuna görə, şirkətlər lisenziya müddətinin bitməsinə 6 ay qalmış şuraya müraciət eləməlidir. Artıq proses gedir. Televiziya kanalları, radiolar, kabel televiziyaları müraciət edirlər. 3 ay qalmış şura məsələyə baxmağa başlayacaq, lisenziya müddəti bitən vaxt isə müddətin uzadılması qərar verəcək. Misal üçün, “Azad Azərbaycan” Televiziyasına 2005-ci ilin oktyabr ayında lisenziya verilibsə, onun uzadılması qərarı 2011-ci ilin oktyabr ayında olacaq”.

Şura sədri vurğulayıb ki, “Teleradio yayımı haqqında” qanunun müddəalarının pozulması baş verməyibsə, dəfələrlə cərimələrə məruz qalmayıblarsa, xəbərdarlıq almayıblarsa, teleradio yayımçılarının lisenziyaları uzadılacaq: “Əgər belə neqativ hallar varsa, ona uyğun qərar veriləcək. Misal üçün, şura üzvləri cərimələnmiş hər hansı yayımçının lisenziyasını uzada da bilər, uzatmaya da. Bu onların səlahiyyətlərinə aid məsələdir. Amma mən hesab edirəm ki, bu proses normal keçəcək”.

N.Məhərrəmli qeyd edib ki, əvvəllər verilən 6 illik lisenziyanın uzadılması Azərbaycanda ilk dəfədir: “İlk dəfədir belə prosedur qaydalar başlayır. Ona görə də şuranın saytında elan verdik ki, əvvəlcədən xəbərləri olsun. Artıq şirkətlər bu işə başlayıblar və 8-ə qədər yayımçı ərizə ilə müraciət edib”.

Son 6 ildə regional kanalların fəaliyyətində müsbət irəliləyişlərin olduğunu deyən şura sədri onları daha da inkişaf etmiş görmək istədiyini deyib: “İstərdik ki, onların inkişafı müasir dövrün tələblərinə, dünyanın sürətinə uyğun olsun. Əlbəttə, milli televiziyalarla müqayisədə regional kanalların inkişafında müəyyən problemlər hələ də qalır. Həm kadr tərkibi, həm reklam bazarı sahəsində böyük çətinliklər var. Amma müəyyən sahələrdə - avadanlıqların yenilənməsi, qanunla üzərlərinə düşən vəzifələrin gerçəkləşməsində irəliləyişlər var. Biz regional kanalların yayımlanmasında maraqlıyıq”.

Kabel şəbəkəsinə gəlincə, N.Məhərrəmli belə qurumların lisenziyalarının uzadılmasında hər hansı çətinlik olmayacağını deyir: “Kabel televiziyaları abonentlərlə işləyir. Onların istər 100, istər 100 min abonentə xidmət etməsi öz işləridir. Biz onlara nəsə deyə bilmərik. Xidmətlə bağlı onların hər hansı öhdəliyi yoxdur. Onlar özləri maraqlı olmalıdır ki, daha çox abunəçiyə xidmət eləsinlər və daha çox pul qazansınlar. Bizdə real 4-5 kabel televiziyası var ki, hər dəfə yaxşı fəaliyyətlərinə görə onların adlarını çəkirik: “CATV”, “B&BiTV”, “Ailə TV”, “Connect”, “AN Media”. Digərləri isə çox zəif fəaliyyət göstərir. Bu onların öz işləridir”.

N.Məhərrəmli onu da qeyd edib ki, dövlət büdcəsindən maliyyələşən teleradioların lisenziyası müsabiqədənkənar uzadılacaq: “Onlar müraciət etsələr belə, müsabiqəyə qatılmayacaqlar. Çünki onlar lisenziya üçün rüsum ödəmirlər”.

Milli.Az