Rəqqasə Oksana Rəsulova: «Əgər onu sevsəydim, hər şeyi atıb, yanında qalardım...»

Rəqqasə Oksana Rəsulova keçmiş nişanlısından danışdı. Milli.Az xəbər portalının müxbiri ilə söhbətində o, nişanı qaytarmasının səbəblərini açıqladı: «Altı-yeddi ay bundan qabaq biz onunla nişanlandıq. O, məni hər zaman anlayışla qarşılayırdı, şou-biznesdə olmağımı qısqanmırdı. Həmişə Bakıya gəlib, gedirdi. Bütün dostlarımı tanıyırdı, oturub onlarla söhbət edirdi. Yəni, Xaqay mənim kimlərlə münasibətdə olduğumu yaxşı bilirdi. Son zamanlar adım Namiq Qaraçuxurlu və Elşad Xose ilə çox hallandı. Hətta mənim adımı Nail Naiboğlu ilə birgə çəkdilər. Axırda o, dözmədi, mənə dedi ki, gəl, nişanlanaq. Biz nişanlanandan sonra bu haqda mətbuata danışmaq istəmirdim. Nişanımızdan iki ay sonra söhbətlər daha da böyüdü. Məcbur olub, nişan şəkillərimi üzə çıxardım ki, haqqımda gəzən şayiələr dayansın. Xaqay özü məcbur etdi ki, şəkilləri yayımla, əl çəkisinlər. Söz-söhbət bağlansın, həqiqətən də şəkillər yayımlanandan sonra bir müddət şayiələrə son qoyuldu" - deyə Oksana, nişanlı olduğu dövrlərdən danışdı.

Lakin rəqqasə xanımın münasibətlərində hər şey sona qədər müsbət notlarla müşayiət olunmadı. Dediyinə görə, Rusiya səfərindən sonra vəziyyət pisləşməyə doğru getdi.

"Həyatımda belə bir sevgi olmayıb"

"Mən qardaşımın toyu ilə əlaqədar Rusiyaya gedəndə Xaqayla münasibətlərimiz yaxşı deyildi. Onun davranışlarında qısqanclıq və narazılıq sezilirdi. Əslində, onu qınamaq olmazdı. O, mənə dedi ki, Rusiyada qal, burada yaşa. Mən razılaşmadım ki, Bakıdakı işlərimi yarımçıq qoya bilmərəm. Hələ mən xəsətəxanadakı işimdən danışmıram" - deyən Oksana bildirir ki, nişanlısının təklifi ilə razılaşmayıb.

O.Rəsulova qarşısına məqsəd qoyub ki, bundan sonra yalnız yaradıcılıq işləri ilə məşğul olacaq: «Sevgi məni sındırıb deyə kişilərə inanmıram. Ən böyük sevgim Allahadır. İndən belə heç kimi sevməyəcəyəm. Çünki mənə bu problemlər lazım deyil. Belə çıxır ki, mən Xaqayı sevmirəm. Əgər mən onu sevsəydim, buradakı işlərimi atıb, onun yanında qalardım. Deməli, mənim həyatımda sevgi olmayıb. Məncə, sevgi o qədər dəlicəsinə olmalıdır ki... onun uğrunda hər şey edə biləsən. Amma münasibətlər ilk növbədə qarşılıqlı hörmət üzərində qurulmalıdır. Çılğınlıq da olmalıdır ki, o insana ürəyini verməyə hazır olarsan. Deməli, mənim həyatımda belə bir sevgi olmayıb».

«2 il əvvəl həsəd hissi ilə baxdığım sənətçilər indi məşhurluqda məndən geridə qalıblar»

Hazırda Oksananın keçmiş nişanlısı ilə münasibətləri dostluq səviyyəsindədir: «Xaqayla zəngləşirik. Söhbətlərimiz zamanı qətiyyən keçmişlə əlaqəli, əvvəlki münasibətlərimizlə bağlı danışmırıq. Bütün bu olaylardan sonra depressiyaya düşdüm. Hətta 8 kiloqram da arıqladım. Artıq bezmişəm, hətta kişi dostlarımdan uzaq dururam. İstəmirəm ki, kiminləsə adım hallansın. Həyatımda kişilərdən bir atam var, bir də qardaşım. Onlar mənim ən yaxın dostlarımdır. Belə çıxır ki, şou-biznesdə mənə böyük maraq var. Onu da deyim ki, mən şou-biznes aləmində yenicə addımlarımı atanda – 2 il bundan əvvəl - həsəd hissi ilə baxdığım sənətçilər məşhurluqda indi məndən geridə qalıblar. İstər maraq, istərsə də tələb baxımından».

Aytən
Milli.Az