Daim insanlara gülüş bəxş edən KVN teatrı bu il də ənənəsinə sadiq qalacaq.

Aprel ayının 14, 15 və 16-da “Planet Parni iz Baku” KVN Teatrı Heydər Əliyev Sarayında yubiley konsertini keçirəcək. Bu barədə Milli.Az xəbər portalına Teatrın bədii rəhbəri, aktyor Tahir İmanovun məlumat verib. Onun dediyinə görə, yubiley konsertində tamaşaçıları bir çox sürprizlər gözləyir.

"Təbii ki, hər il olduğu kimi bu il də proqramımıza yeni səhnəciklər, parodiyalar daxil olub. Amma elə səhnəciklər var ki, biz məhz tamaşaçıların rəğbətini nəzərə alaraq, hər il konsertlərimizdə həmin səhnəcikləri saxlayırıq. Bu il də istisna olmayacaq.” – deyə, Tahir İmanov bildirib. Teatrın bədii rəhbəri onu da əlavə edib ki, bu dəfəki konsertdə əfsanəvi “Bakılı oğlanlar” komandasının üzvlərindən bir neçəsi də səhnədə olacaq. “Bizə elə gəlir ki, XX əsrin çempionlarını biryerdə görmək, yenidən onların çıxışı izləmək tamaşaçılara maraqlı olacaq. Konsertdə kimlər və nələr olacaq bu barədə ətraflı məlumat vermək istəmirik. Amma onu deyə bilərik ki, “Bakılı oğlanlar” KVN komandasının sevilən üzvlərindən bir neçəsi – Emil Abbasov və Yana Nikitina səhnədə olacaq.”

Qeyd edək ki, bu il “Planet Parni iz Baku” KVN Teatrının bu il 10 yaşı tamam olur. Yubiley konsertində teatrın sevilən simaları – Tahir və Cabir İmanovlar, Bəhram Bağırzadə, Elçin Həmidov, Kübra Əliyeva, Azər Məmmədzadə və digərləri çıxış edəcək.

Leyla
Milli.Az