Dünən "Lider" telekanalında Azəristar 2011 musiqi müsabiqəsi start götürdü.
Müsabiqənin finalında sərt seçim mərhələsindən keçmiş 17 ifaçı iştirak edirlər.

Onlar Əli Məmmədov, Mətanət Bədəlova, Siyasət Cəfərov, Hüseyn Kərimov, Turan Cəfərli, Tural Əsgərov, Aynurə Şirinova, Vüqar Əliyev, Xəyyam Zeynalov, Fəqan Səfərov, Aygül Məmmədova, Nəsimi Kamal oğlu, Samirə Zülfüqarova, Rəşad Məmmədov, Turan Eldarova, Nicat Əlibəyli və Aslan Rəhimoğludur.

Münsiflər heyətinin üzvləri Telman Əliyev, Aygün Bəylər və Oqtay Rəcəbov müsabiqənin yenicə başlandığını nəzərə alaraq finalçıları praktiki olaraq tənqid etməyiblər.

Müsabiqənin ilk günündə favoritlər olsa da, iştirakçıların real vokal imkanlarını dəyərləndirmək bir qədər çətindir. Məsələn, Siyasət Cəfərov, Turan Cəfərli, Tural Əsgərov, Vüqar Əliyev, Aygül Məmmədova və Samirə Zülfüqarova yaxşı səsə malik olduqlarını nümayiş etdirdilər. Onların bir çoxunun səhnə imicində nöqsanlar olsa da, bu problemi aradan qaldırmaq çətin deyil.

Proqramın aparıcıları Azərbaycanın əməkdar artisti Firdovsi Atakişiyev və teleaparıcı Xədicə Sənanqızı idilər.

Müsabiqənin ilk gününün sonunda aparıcıların təşəbbüsü və dəvətindən sonra münsiflər heyətinin üzvü Aygün Bəylər səhnəyə çıxaraq ifası ilə iştirakçılara "ustad dərsi" keçdi.

Xatırladaq ki, Milli.Az xəbər portalı “Azəristar” müsabiqəsinə informasiya dəstəyi verir.

Milli.Az