"Uşağını atanların ürəyinə insaf gəlsin".
Milli.Az xəbər portalı "Ayna"ya istinadən bildirir ki, Vüqar Muradov Bakı uşaq evlərindən uşaq övladlığa götürmək niyyətindədir. "Yeni Ulduz-6" mahnı müsabiqəsinin qalibi bildirib ki, ailə qurandan sonra valideyn himayəsindən məhrum olan bir uşağı ailəsində tərbiyə etmək istəyindədir:

"Yaxın dostlarım bilir, qoy pərəstişkarlarıma da bəlli olsun ki, evləndikdən sonra kimsəsiz bir uşağı ailəmə gətirəcəm. Öz övladım dünyaya gəldikdən sonra himayəmə daha bir uşaq götürmək kimi fikrim var. Bu sözlərimi oxuyanlarda elə təsəvvür yaranmasın ki, Vüqar belə bir addım atmaqla həmkarlarından fərqlənmək istəyir. Sadəcə, qəlbimin səsinə qulaq asıb, bu istəyimi Allahın köməyi ilə həyata keçirəcəyəm".

Vüqar qayğıya ehtiyacı olan uşaqlar üçün mahnı da yazdırıb: "Sözü və musiqisi Xanım İsmayılqızına məxsus olan "Kimsəsiz" adlı mahnı çox təsirli notlar üzərində köklənib. Hər dəfə bu mahnını ifa edəndə çox kədərlənirəm. İstəyim odur ki, illər öncə övladını atmış valideynlərin ürəyinə insaf gəlsin..."

Milli.Az