"Rəsmi nikah pasportda möhürdən başqa bir şey deyil".

Azərbaycanı «Avrovizion 2011»də təmsil etməyə 5 namizəddən biri olan İlhamə Qasımova özü haqda bir sıra maraqlı məqamları açıqlayıb.

Milli.Az xəbər portalının məlumatına görə, Day.Az saytına müsahibəsində şəxsi həyatından danışan müğənni hazırda bir nəfərlə vətəndaş nikahında yaşadığını söyləyib. Bu, İlhamənin həyatında ikinci kişidir. «Amma nə birinci, nə də ikinci nikahdan övladım yoxdur. Ona görə yox ki, bunu istəmirəm. Sadəcə buna vaxtım olmayıb. İndinin özündə də çox istəyirəm ki, uşağım olsun», - deyə ifaçı qeyd edib.

Bu il 35 yaşı tamam olacaq İlhamə rəsmi nikaha girmək istəməməsinin səbəbini də açıqlayıb: «Düşünürəm ki, bu, artıqdır. Bizim kəbinimiz var və bu, kifayətdir. Rəsmi nikah sadəcə pasportda möhürdən başqa bir şey deyil. Ərim mənim dayağımdır. Məni dəstəkləyir, yaradıcılığımda kömək edir, qətiyyən qısaqınmır və ən başlıcası da budur».

«Avrovizion» müsabiqəsinə qatılacağı təqdirdə Azərbaycanı layiqincə təmsil etmək üçün əlindən gələni əsirgəməyəcəyini deyən müğənni bəzi mütəxəssislərin onun xarici görünüşünün bu yarışa uyğun gəlməməsinə dair fikirlərinə də münasibət bildirib: «Mən gözəllik müsabiqəsinə getmirəm! Ötən ilki qalib Lena Mayeri də o qədər gözəl adlandırmaq olmaz. Sadəcə səhnəyə çıxdı, oxudu və qalib oldu».

İ.Qasımova səhnə standartları barədə fərqli düşünür: «Başa düşün, xarici görünüş, makiyaj, yubkanın uzunluğu və dekoltenin forması hətta «Avrovizion» kimi müsabiqə üçün də əsas deyil. Baxın, müxtəlif ölkələrdən nə qədər gözəl qızlar yarışa qatılsa da, heç finala yüksələ bilmədilər. Qələbəni Lena Mayer qazandı. Çünki piar-kampaniyası, promo turu düzgün təşkil olunmuşdu. Axı hər şey məhz bundan asılıdır», - deyə İlhamə bildirir.

İlhamə müsabiqədə qələbə qazanmaq üçün duet də oxumağa hazırdır. Amma bir şərtlə ki, duet ortağı oğlan olsun.

Milli.Az