«Eurovision-2011» müsabiqəsində Azərbaycanı təmsil etməyə namizəd, müğənni İlhamə Qasımovanın Milli.Az xəbər portalına müsahibəsi

«Eurovision-2011»in milli seçim turunun vaxtının uzadılması namizədləri intizarda qoyub. Beşliyə düşən namizədlər bu mərhələyə qədər gəlib çatmalarını uğur hesab etsələr də, hər biri bu beynəlxalq müsabiqədə ölkəmizi təmsil etmək iddiasındadır. Münsiflərin qərarı açıqlanmayana qədər bu şanslı namizədin kim olacağı sirr qalsa da, hər kəsin öz favoriti var. Bu beynəlxalq müsabiqəyə milli seçim turlarını həvəslə izləyənlərin əskəriyyəti indiyədək SMS səsverməsinə və ifasına görə namizədlər arasında müğənni İlhamə Qasımovanı şanslı sayırlar. Odur ki, Milli.Az xəbər portalının müxbiri çoxlarının fovoriti olan namizədlə, İlhamə Qasımova ilə söhbətləşdi.

- Solo çıxışından sonra bu müsabqəyə ancaq sənin göndərilmək şansının yüksək olduğu barədə danışılır. Sən necə, digər iştirakçılardan daha şanslı olduğunu düşünürsənmi?

- Bunu ancaq münsiflər söyləyə bilər. Özümü tərif edə bilmərəm. Mən öz imkanlarımı göstərdim. İndi qərar münsiflərindir. Kimi layiq bilirlərsə yəqin ki, həmin namizədi də göndərəcəklər. O ki, qaldı digər namizədlərə onların da hərəsinin özünəməxsus oxu tərzi, səs imkanları var. Əgər onlar beşliyə qədər gəlib çatıblarsa, deməli onların hər biri istedadlıdır.

- Tanınmış sənət adamları arasında «Eurovision»a sənin daha layiqli namizəd olduğu barədə fikirlər səsləndirirlər. Səncə, İlhaməyə olan inamın kökündə nə dayanır?

- Düşünürəm ki, peşəkarlar rəyi ancaq və ancaq ifaya görə verirlər. Yəqin ki, burada mənim təcrübəm də rol oynayır.

- İlhamə birdən-birə parladı. Qısa zaman kəsiyində olsa da tamaşaçılar tərəfindən sevildin. Səncə bu uğura imza atmaqda İlhamənin rolu çox idi, yoxsa onu səhnəyə hazırlayanların?

- Mənim istedadım vardı. Bu istedadı üzə çıxartdılar. Əlbəttə, mənim üzərimdə böyük əmək sərf olundu. Zəhməti olanların əməyini heç vaxt unutmaram.

- Səhnə fəaliyyətində «Yeni Ulduz»u tramplin sayırsan?

- Sözsüz. Mən «Yeni Ulduz»da yetişmişəm. Düzdür ondan əvvəl də müsabiqələrə qatılmışam. «Bakı Payızı» müsabiqəsində iştirak etmişəm. Amma «Yeni Ulduz» mənim sənətdə uğur qazanmağım üçün sıçrayış oldu.

- Özünü kimin yetirməsi hesab edirsən?

- Əlbəttə ki, Mübariz Tağıyevin. Onun mənim üzərimdə zəhməti böyük olub. Mən fəxr edirəm ki, Mübariz Tağıyevin yetirməsiyəm.

- Hərdən səni Selin Diona da oxşadırlar. Olmaya, şou-biznesdəki müğənnilər kimi sən də özünə ad qoymusan?

- Yox, qətiyyən. Mənim adıma Selin Dion əlavə edilməsini istəmirəm, çünki məni ona bənzədəndə çox əsəbləşirəm. Ona görə yox ki, mən bu müğənnini bəyənmirəm. Sadəcə olaraq mənim o müğənninin səviyyəsinə gəlib çatmağıma çox var. Səhnədə özüm olmaq istəyirəm.

- Eurovision müsabiqəsinə qatılan iştirakçının ingilis dili bilməsi vacibdir. Sən necə, dili bilirsənmi?

- İngilis dilini özümə lazım olan qədər, yəni danışıq dili səviyyəsində bilirəm. Xarici ölkələrə gedəndə ingilis dilində danışmaq üçün yanımda dilmanc aparmıram.

- Finala vəsiqə qazandın. Münsiflərin ədalətli qərar çıxaracağına əminsənmi?

- Əminəm. Kim layiqdirsə onu da göndərəcəklər. Çünki söhbət bu möhtəşəm müsabiqədə kimin yox, Azərbaycanın təmsil olunmağından gedir.

- Mətbuatda gedən məlumatlara görə, artıq «Eurovisiona» gedəcək namizədin adı bəllidir. Bu məlumatlar səni ruhdan salmır ki?

- Yox, qətiyyən. Mən inamla münsiflərin qərarını gözləyirəm. İnanıram ki, ədalətli seçim olacaq.

- Səncə, bu beynəlxalq müsabiqədə avropalıları necə təəccübləndirmək olar? Yəni, burada səs əsasdır, performans, yoxsa xarici görkəm?

- Avropada texnika o qədər sürətlə inkişaf edib ki, orda hansısa tryukla tamaşaçını ələ almaq çətin məsələdir. Sadəcə, gözəl bir şou ilə Avropa tamaşaçısının diqqətini cəlb etmək olmaz. Düşünürəm ki, biz Avropalıların ürəyiynə gözəl ifa ilə yol tapa bilərik. Gözəl görüntü də olsa, bu vəhdət tamamlanar. Məsələn, uçaraq səhnəyə daxil olmaq və sair. Onu da deyim ki, ötən il Almaniyanın bu müsabiqədə uğur qazanmasının bir əsas səbəbi də Lenanın oxuduğu mahnının qəlbə yatımlı olmasında idi. Həmçinin o, Dima Bilanla promoturlarda iştirak etdi. Bu da onun gələcək qələbəsində mühüm rol oynadı. Demək olar ki, Lena «Eurovision» səhnəsinə çıxanda hamı onu tanıyırdı. Bu da mühüm amildir.
O ki qaldı xarici görünüşə, mənim fikrimcə, biz bir şeyi yaddan çıxarmamalıyıq. Azərbaycan mahnı yarışmasına gedir, hansısa gözəllik yarışmasına yox.

- Eurovisionun milli seçim turundan uğurla çıxdın. Bu qədər namizəd arasından finala vəsiqə qazanmaq çətin olmadı ki?

- Xeyli əmək sərf etdim. Mən öz üzərimdə işləməkdən zövq alıram. Hər bir sənətçi belə olmalıdır. Əgər qarşıma məqsəd qoymuşamsa ki, Azərbaycanı "Eurovision"da təmsil edim, bu amal uğrunda əzmlə çalışmalıyam.

- Beşliyə düşən namizədlərdən kimi özünə rəqib görürsən?

- Onların hər biri çox istedadlı namizdlərdir. Kimisə zəif iştirakçı saymıram. Hərəsinin ifasının özünəməxsusluğu var və təbii ki, hər biri belə bir möhtəşəm yarışmaya qatılmağı arzulayır. Amma içərimizdən hansımız daha layiqli və şanslıyıqsa, yəqin ki, o da gedəcək.

Xədicə
Milli.Az