Azərbaycanın xalq artisti Brilliant Dadaşova Türkiyə şou-biznesinin “yazılmamış qanunlar”ına uyğun olaraq, pul qazanmağın yollarını axtarır.
Yəqin sənətçinin hansı taktikadan yararlanmağı qarşısına məqsəd qoyduğu sizi də maraqlandırır. Xəbəriniz olsun ki, Brilliant xanım üzünü satmaq istəyir. Ona fotomodel olmaq təklifi gəlib. Özü də iki il bundan öncə İstanbulda albomunu satışa çıxaran musiqi şirkətinin rəhbərliyi tərəfindən.
“Baxmayaraq ki, Türkiyənin “Seyhan Müzik” şirkətində işıq üzü görən “Masal dunyam” adlı diskimin satışa çıxmasında iki ilə yaxın vaxt keçir, onun tanıtımı hələ də öz effektini verir. Şirkət rəhbərliyi bu vaxta qədər çəkdirdiyim şəkilləri görüb foto-model kimi də özümü sınamağa dəvət etdilər. İndi danışıqların son mərhələsi gedir. Yəqin ki, fevralın əvvəlinə qədər təkliflərinə müsbət cavab verəcəyəm”, - deyə müğənni bildirib.
Xalq artisti musiqi şirkətindən alacağı qonorarın məbləğini söyləməyib: “Heç vaxt həyata keçirdiyim layihələrdə maliyyə məsələləri haqqında danışmamışam. Fikrimcə, tamaşaçıları sənətimdə edəcəyim yeniliklər maraqlandırır. Həm də neçə manat qazanacağım yalnız şəxsi büdcəmlə əlaqəli olan bir şeydir”.
Yer imleri