«Eurovision-2010» təmsilçimiz Səfurə Əlizadə nin Milli.Az xəbər portalına müsahibəsi

- Safura, artıq bir neçə gündür Bakıdasan və bir müddət qalmağı düşünürsən. Bu arada isə söz gəzir ki, Səfurənin Avropa üçün nəzərdə tutulan piyarı zəifləyir.

- Mən belə deməzdim. Hazırda İsveçrədə çalışdığım şirkətdə yeni albomum hazırlanır. Musiqilərin aranjeman işləri görülür və lentə yazılır. Yəni, hələlik mənə məxsus işlər başlamadığı üçün qərara gəldim ki, boşluqdan istifadə edib Azərbaycanda dayandırdığım işlərlə məşğul olum.

- Hansı işlərdi bunlar?

- Hazırda vokal müəllimim Ziya xanımın yanına gedirəm. O, mənim uzun illərdir müəllimimdir. İmkanlarımı daha mükəmməl edirəm. Eyni zamanda rəqs dərsləri almaq istəyirəm.

- Niyə Avropada rəqs, vokal dərsləri almırsan, onların imkanları daha genişdir deyirlər.

- Orada da bəzi dərslər aldım. Çünki əvvəl-əvvəl mənə bəzi iradlar tuturdular ki, ifamı bir qədər Qərbləşdirim. Ziya xanım məhz bunun üzərində mənimlə çalışır. Eyni zamanda hər mahnım üçün ayrıca bir rəqs nömrəsi öyrənmək istəyirəm. Çünki Avropa tamaşaçısı ifaçını səhnədə daha hərəkətli görmək istəyir. Bunları tamamladıqdan sonra yenidən İsveçə qayıdacam. Gözləyirəm ki, şirkət məni nə vaxt studiyaya dəvət edəcək. Mahnılar yazılan zaman həm də onlardan birinə klip çəkiləcək. Yəni, boş oturmamışam. Ola bilsin ki, həmin insanlar mənim Avropa üçün təqdim olunan işlərimdən bixəbərdirlər ki, barəmdə bu cür düşünürlər. Onlar bir azdan səhnədə daha da püxtələşmiş Safuranı izləyəcəklər. Səhnədə çox maraqlı şoular göstərəcəm. Mənə əslində təriflər söyləyənlər çoxdur. Amma mənim başım bu təriflərdən dumanlanmır. Yoxsa, çoxdan ayağımı ayağımın üstünə atıb oturardım deyərdim ki, hələlik bəsdir. Elə nəyisə öyrənmək, yenilik etmək istəyirəm.

- Artıq uzun aylardır ki, İsveçdə yaşayır və bir çox ölkələrdə keçirilən böyük konsert proqramlarında iştirak etmisən. Bu gün səni Azərbaycan daha çox tanıyır, yoxsa, uzaq ölkələrin tamaşaçıları?

- Əlbəttə ki, Azərbaycanda daha çox tanınıram. Son aylarda isə Almaniyada çıxışlarım çox olub və eyni zamanda orada mənə tamaşaçı marağı var. Buna görə də, musiqili tədbirlərə dəvətlər alıram. Ukraynada da məni tanıyan müəyyən publika var.

- Əksər dünya ulduzları özlərinə tək sənətləri ilə "piar" qazandırmır. Bəzisi başını keçəl qırxdırır, bəzisi bədəninin müxtəlif yerini sığortalamaqla gündəmə gəlir və s. Sənə bu kimi təkliflər olurmu?

- Bu cür piarlar tamaşaçının maraq dairəsində olsa da, mən bunların əleyhinəyəm. Ona görə də sənətdən kənarda edilən bütün təkliflərdən imtina edirəm. Düzdür, sənətdə tək səs önəm daşımamalıdır. Amma mən inanıram ki, bu cür piarla deyil, sənətimlə dünya səhnələrində hər zaman qala biləcəm. Ona görə də bu gün musiqiyə aid olan hər şeydən öyrənmək istəyirəm. Elə bir şou göstərmək istəyirəm ki, bütün dünya izləyicilərini təəccübləndirə bilim. Bunu bacaracağıma da əminəm.

- Yəqin ki, «Eurovision-2011»in milli seçim turlarının keçirildiyi barədə xəbərin var. Hazırda 5 nəfər təmsilçi adı uğrunda mübarizə aparır. Sən kimi dəstəkləyir, böyük səhnədə kimi görmək istəyirsən?

- Ancaq və ancaq İlqarə Kazımovanı. Bunu Aygün Kazımovaya böyük simpatiyamın xatirinə demirəm. Həqiqətən də İlqarənin oxu tərzini, üslubunu bəyənirəm. Lap ilk gündən seçim turlarını və iştirakçıları izləmişəm. İlqarə mənim əvvəl gündən etdiyim seçim olub. Çünki onun ifası ilə yanaşı, üslubu və mahnı seçimi Avropaya yaxındır. Əvəllər bir qədər nüanslar gözə çarpırdısa, zamanla onu aradan qaldıra bilib. Bir də İlqarə düzgün mahnı seçməyi bacarır. Əgər o, azərbaycanlı kimi «Eurovision»un səhnəsinə çıxarsa, uğurlu iştirakçı ola biləcək. Mən də fürsət yarandıqca ona dəstək olmağa çalışacam.

- Bu ilki müsabiqəni tamaşaçı kimi izləməyi düşünürsən?

- Əlbəttə istəyirəm. Əgər vacib çıxışım və ya səfərim olmasa, mütləq izləməyə gedəcəm.

- Şəxsi həyatından ümumiyyətlə danışmırsan. Eşitdiyimə görə elçi düşənlərin çoxdur.

- Bəli, çox demək olar. Amma mən bu barədə yəqin ki, bir müddət düşünməyəcəm.

- Niyə ki? Qadağa qoyulub?

- Yox. Heç kim şəxsi işlərimə qarışmır. Sadəcə, özüm hələlik bu barədə düşünmək istəmirəm. Çünki sevgiyə baş qarışarsa, yaradıcılıq işlərimi axsada bilərəm.

- Elçilərinin sırasında çox güman ki, əcnəbiləri də az deyil. Sən kimi seçərdin - azərbaycanlı, yoxsa…

- Düşünmədən azərbaycanlı deyirəm. Bu gün Vətənimdə yoxamsa, bu, elə Azərbaycanın adını tutmaq üçündür. Özüm-özümə bu barədə hərdən düşünürəm. Deyirəm ki, sevgidir, ürəklə, hisslərlə oynamaq olmaz. Bəlkə elə əcnəbinin birinə vuruldum? Sonra da deyəcəklər ki, Safura belə deyib, başqa cür addımını atdı. Amma yenə də çalışıram ki, gələcəkdə seçim edərkən bu, elə azərbaycanlı vətəndaş olsun.

Xədicə
Milli.Az