- Rahidə xanım, xeyli müddətdir Sizi efirlərdə görmürük, haralardasınız?
- Mən deməzdim yox idim. Ailə qurdum, oğlum oldu, ona başım qarışdı. Əvvəl subay idim, hər gün efirlərə çıxırdım. Amma indi uşaq var. Ona görə 8 il efirlərdə uzaqlaşdım.

- Səhnəyə budəfəki qayıdışınızı ikinci dönüş hesab etmək olarmı?
- Deməzdim ki, ikinci qayıdışdır. Çünki mən səhnədən həmişəlik getməmişdim.

- Qayıdışınızla stilinizə də əl gəzdiribsiniz. Bu görkəmi hansı stilist sizə yaraşdırdı?
- İndi stilist Anarla işləyirəm. Yeni görkəmimi o, düzüb-qoşub. Saçlarımı kəsib, bu formanı verdi. Qısa saçlara öyrəşməmişəm. Saytımdakı şəkillərdə isə Vəfa xanımın məsləhəti ilə geyinmişəm. Amma geyimlərimi hələ ki, özüm seçirəm.

- Deyəsən, həm də arıqlayıbsınız?
- Bir-iki kilo arıqlamışam. Adətən 50-52 kq oluram.

- Xarici görünüşünüzlə bərabər yaradıcılığınızda da yeniliklər edəcəksiniz?
- Hə. Bir necə bəstəkarla işləyirəm. Son vaxtlar İlhamə Adilqızının mahnılarına müraciət edirəm. Mənim üçün bir neçə yeni mahnı da yazıb. “Gəl” adlı yeni mahnısını da müğənni Elnurla duet oxumuşuq. Pulumuz olsa, klip də çəkdirəcəyik.

- Puldan söz düşmüşkən, yaradıcılıq planlarınızı kim maliyyələşdirir?
- Özüm. Dəvət edən olanda toylara gedirəm. İnanıram ki, bundan sonra daha çox toylara gedəcəyəm.

- Siz həm də xalq artisti Mənsum İbrahimovdan muğam dərsləri alıbsınız, niyə yaradıcılığınızda bu janra müraciət etmirsiz?
- Düzdür, mən Asəf Zeynallı adına Musiqi Kollecində Mənsum müəllimin tələbəsi olmuşam. Amma muğamla bağlı hər hansı proyektlər etməyi heç vaxt düşünməmişəm. Oxuduğum müddətdə xalq mahnıları, təsniflər, muğamlar yazdırmışam.

- Amma indi muğama gənc ifaçılar tərəfindən maraq böyükdür. Düşünmürsünüzmü, sizin muğamla bağlı layihələrlə çıxış etməniz maraqlı qarşılanardı?
- Mən muğamı sevirəm, bəyənirəm. Amma sırf muğam oxumaq mənim yolum deyil.

- Budəfəki qayıdışınızla konsert verməyi planlaşdırırsınızmı?
- Konsert vermək hər bir müğənninin arzusudur. Yəqin ki, gələcəkdə baş tutar.

- Məlumdur ki, bu gün gündəmə gəlməyin yeganə yolu qalmaqal etmək, ya da soyunmaqdır. Amma siz bunların hər ikisindən uzaqsınız. Kifayət qədər yenidən məşhurlaşacağınıza əminsinizmi?
- Mən özüm qalmaqallardan həmişə uzaq olmuşam. Bir də bilirlər ki, kiminlə qalmaqal etmək olar. Mən qalmaqal adamı deyiləm. Soyunmaq da mənlik deyil. Qaydalara həmişə riayət etmişəm və bundan sonra da edəcəyəm. Ən əvvəl mən xanımam, həm də anayam, oğul böyüdürəm. Bəyəm, sənət adamları soyunmalıdır? Bizim səhnədə nümunə olan o qədər müğənni xanımlarımız var. İnanmıram ki, gələcəkdə də açıq-saçıq şəkillərim olacaq.

- Sənətdən uzaqlaşdığınız vaxtlarda şəxsi biznesinizi qurub, müğənnilik sənətini atdığınız barədə məlumatlar yayıldı. Həqiqətənmi bizneslə məşğul olursuz?
- Yox, biznesim yoxdur. Bu haqda heç vaxt danışmamışam. Birinci dəfə sizə açıqlayıram ki, əvvəllər sənəti atmaq, bizneslə məşğul olmaq haqqında fikirləşmişəm. Amma onu da fikirləşdim ki, biznesdə uduzmaq da var, birdən alınmaz. Odur ki, bu fikrimdən vaz keçdim. Özümə həmişə güvənən insan olmuşam. O işin dalınca getsəydim, bəlkə də alınardı. Ancaq gördüm ki, heç vaxt musiqidən uzaqlaşa bilmərəm.

- Siz “Sən öyrətdin” mahnısı ilə tanınıb, sevildiniz. Bu gün şou-biznesə can atmaq istəyənlərin bir ildə qazandığını, siz bir gecədə əldə etdiniz. Həmin məşhurluğunuzu bir də qaytara biləcəksiniz?
- İndi bir neçə yeni mahnı yazdırmışam. Heç vaxt qabaqcadan deyə bilmərəm ki, bu mahnı seviləcək, ya yox. Bir şey deyim ki, düzdür, o mahnı gözəl mahnı idi, amma öz dövrü üçün. Mahnı məni qaldırdı, mənə çox pul qazandırdı, toylarımı artırdı. Amma inanırsınız, indiki dövrdə mənə “Sən öyrətdin”i təqdim etsəydilər, oxumazdım. İndi ondan da gözəl mahnılar, aranjemanlar var.

- Ailə həyatınızda problemlərin yaşandığı barədə məlumatlar dolaşır, düzdür?
- Mən ümumiyyətlə, bu barədə heç vaxt danışmamışam və bundan sonra da çalışacağam ki, danışmayım. Onu deyə bilərəm ki, 9 yaşında oğlum var, polis olmaq istəyir, bütün günü əlində tapança oynadır. O günü mənə deyir ki, “mama, mahnı oxumaq asandır, amma kitab oxumaq çətindir, mən də oxuyum”. Deyirəm, yox, sən ən yaxşısı dərslərini oxu.

- Toya necəyə gedirsiniz?
- Konkret qiymət deyə bilmərəm. Ev yiyəsi əgər məni istəyirsə, zəng edib soruşacaq. Əgər onu qiymət qane etsə, aparacaq, etməsə aparmayacaq. Mənim deməyimlə deyil ki, 3 minə, 5 minə gedirəm.

- Necə düşünürsünüz, bu gün Azərbaycan şou-biznesinin birincisi kimdir? Məsələn, biz belə düşünürük ki, bu Röyadır.
- Təbii ki, mən də düşünürəm ki, bu Röyadır. Mən onu çox sevirəm, çox yaxşı qızdır, gözəl də səsi var.

- Zaman var idi ki, Röya yox idi və siz var idiniz, onun indi sahib olduğu yeri də tuta bilərdiniz…
- Hər şey qismətdir.

- Deyirsiz ki, ailə qurmağınız sənətinizdə maneə oldu. Peşman deyilsiz ki?
- Yox, peşman deyiləm. İndi övladıma baxanda deyirəm ki, gərək lap tez ana olaydım. Övlad nə qədər şirindi onu analar bilir. Çox istəyərdim qız anası da olum. O da qismətdir. Həyatda hər şey qismətə bağlıdır. Allahın izni varsa olar. /qafqazinfo