Xalq artisti Brilliant Dadaşova pərəstişkarlarına yeni konsert proqramı təqdim edəcək. Tanınmış müğənni tamaşaçıları heç bir səhnəyə yox, ekran başına toplamaq niyyətindədir. Xalq artisti retro mahnılardan ibarət televiziya üçün konsert prorqramı üzərində çalışır. Artıq bir aydır çəkilişlərinə başlanan musiqi proqramının rejissoru Etibar Babayevdir. Brilliant Dadaşova başda olmaqla yaradıcı heyət tamaşaçılara nostalji hisslər yaşadacaq. Konsert proqramında 40 – 50 il bundan əvvəl yazılmış, lakin hələ də populyarlığını itirməyən musiqi əsərləri yer alıb. Musiqisevərlər xalq artistinin ifasında “Bakı gecələri”, “Mehriban”, “Saçlarına gül düzüm”, “Bir könül sındırmışam”, “Lalələr”, “Külək” və başqa klassik mahnıları dinlyəcək.

Brilliant Dadaşova televiziya tamaşaçılarına təqdim edəcəyi repertuarından danışdı: “Mən bu mahnılarla böyümüşəm. Bir vaxtlar bunları ailəmizdə atam, əmim üçün oxuyardım. İndi isə daha geniş tamaşaçı auditoriyası üçün oxuyuram. Mən bu mahnıları analarımız, atalarımız, baba-nənələrmiz üçün oxuyuram. Kimi bu mahnılara qulaq asıb uşaqlığını, kimi qohumlarını, kimi institut illərini yada salacaq. İstəyirəm insanlar o dövrləri, o dövrkü Bakını, Azərbaycanı yada salsınlar. Bunun üçün əlimdən gələni etmişəm.”

Bir saat müddətində tamaşaçılar Brilliant Dadaşovanın səsinin sehrinə düşərək sevinəcək, kədərlənəcək, həyatlarının ən müxtəlif maraqlı məqamlarını xatırlayacaq. Konsert proqramında Brilliant Dadaşovanın 7 musiqiçidən ibarət ansamblı müşayiət edir.

Hər zaman canlı alətlərlə müşayiətə üstünlük verən xalq artisti bu dəfə də ənənəsinə sadiq qaldığını deyir: “İndi görürsən studiyada mahnı yazdırırlar, altına min dəfnə səs qoyurlar. Mən dedim ki, bunların heç biri olmayacaq. Ancaq canlı musiqi alətlərləri ifa etmişəm”. Çəkilişlər Bakının müxtəlif məkanlarında aparılır. Konsert proqramını yaxın günlərdə telekanallardan birində izləyə biləcəksiniz. show-biznes.az