Tanınmış müğənni Məhəbbət Kazımov siqaretçəkmə əleyhinə kampaniyaya start verib. Müğənni bu məqsədlə “Siqareti Tərgidənlər” Birliyini təsis etdiyini bildirib: “Ölkədə siqaretə aludəçiliyin artması məni bu addımı atmağa vadar etdi. Təşkilatın artıq 28 üzvü var. Bunlar da siqaretdən ciddi aslılığı olanlardır. Bu 28 nəfər artıq siqaretə əlvida demək üçün dəridən-qabıqdan çıxmağa başlayıb. Bu da səbəbsiz deyil. Uzun illər həyatını siqaretsiz təsəvvür etməyən bu insanlardan hansı ilk olaraq zərərli vərdişi tərgidə bilsə, ona VAZ 2107 markalı “Jiquli” avtomobili hədiyyə olunacaq”.

Sənətçi olduğu el şənliklərində, toylarda, məclislərdə bacardığı qədər siqaret əleyhinə iş apardığını deyir: “Milli Məclisdə ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyan qanunun qəbul olunmasını vacib hesab edirəm. Bu qanun cəmiyyət üçün böyük fayda gətirər”. M.Kazımov digər sənət yoldaşlarını da bu kampaniyaya qoşulmağa çağırıb.
show-biznes.az