Ötən həftə “Olduğu kimi” verilişinin çəkilişlərindən imtina edən meyxanaçı Mehman Əhmədli bu dəfə inadından döndü. Həmkarı Namiq Mənanın verilişdə iştirak etdiyi üçün çəkilişə gəlməyən M.Əhmədli bu dəfə bütün ürək sözlərini aparıcı Mikayl Güləddinoğluna dedi. Namiq Mənaya kəskin emosiya ilə cavab verdi. N.Mənanı meyxana sənəti “bədihə” adlandırmasına etiraz edən M.Əhmədli iddia edir ki, Namiqin dediyi sözlər tamamilə yalandır. Onun meyxanaya qoyduğu “bədihə” adı səhvdir: “Namiq kitab oxusaydı, belə sözlər danışmadı”.

Ötən çəkilişdə Namiq demişdi ki, Mehman onun yanına meyxana deməyi öyrənməyə gəlib və elə onun qarşısında imtahan verib. Mehman bunu da cavabsız qoymadı: “Mən elə özüm Namiqi meyxana öyrənməyə dəvət edirəm. Onun dedikləri isə kökündən yanlışdır. O, mənə imtahan verməlidir. Hər kəs bilir ki, mən ustadam və mənim nə qədər tələbələrim var. Bəs Namiqin tələbələri kimdir? O, bu sənətə gələndən biz onun meyxana deməyinə gülmüşük. Çünki o, qafiyələri belə tanımır” – deyə Mehman Əhmədli ürəyindəkiləri dilinə gətirdi.

Onu da qeyd edək ki, verilişin rejissoru Aynurə Tahirqızı bu dəfə tək Mehman Əhmədlini deyil, meyxanaçı Elşən Xəzəri və professor Nizami müəllimi də dəvət etmişdi. Verilişdə qonaq olan hər 3 sənətkar Namiq Mənaya qarşı çıxdılar. Professor Nizami müəllim isə Namiq Mənanın meyxana sənətində hələ püxtələşmədiyini iddia etdi: “Sənətkar sözü Namiqə yaraşmır. O, bu sənətdə hələ az işlər görüb. Onun meyxananı “bədihə” adlandırmağı isə günahdır. Namiq Mənanın bu mənada tutduğu yol bizim mədəniyyətimizə uyğun gəlmir” – deyə professor bildirib.

Verilişin sonunda həmkarına qoşulan Elşən Xəzər də “meyxana” adının müdafiəsi üçün kifayət qədər faktlar göstərdi. O da iddia edir ki, Namiq Mənanın meyxana sənətinə yaraşdırdığı ad səhvdir./milli.az