Xalq artisti Nisə Qasımovanın rəhbərlik etdiyi "Kainat prodakşn" Bakıda Şərqin əfsanəvi müğənnisinin konsertini təşkil edəcək. Nisə xanım ANS PRESS-ə müsahibəsində rəhbərlik etdiyi prodakşının hələ ki, sənətçinin adını açıqlamaq istəmədiyini bildirdi: "Bu elə bir sənətkardır ki, onun ifası bütün şərq dünyasını fəth edib. Sözügedən sənətkarla artıq danışıqlar aparılıb. Onun Bakıya gəlməsinə az vaxt qalıb. Hətta sürpriz olaraq mənim mahnılarımdan birini də oxuyacağına söz verib. İnşallah, müqavilə imzalandıqdan sonra bu sirri açacam".

Anasını itirdikdən sonra uzun müddət depressiya vəziyyətində olan Nisə Qasımovanın fəaliyyətində artıq canlanma başlayır. Sənətkar bununla da bağlı açıqlama verdi: "Hamıya məlumdur ki, anamın itkisini çətin qəbul edirəm. Göz yaşlarım qurumurdu. Yaxınlarım, ətrafımdakı insanlar nə qədər dəstək olsalar da sakitləşə bilmirdim. Ruh düşkünlüyü yaranmışdı məndə. Bunun nəticəsi olaraq möhkəm xəstələndim. Allahın və həkimlərin köməyi və əzizlərimin dəstəyi ilə özümə gəldim. "Artıq bəsdir" deyib, işə girişdim".

"Kainat" prodakşının rəhbəri olmaqla yanaşı, xalq artisti "Nisa" jurnalının təsisçisidir. Nisə Qasımova jurnalın da elə prodakşının tərkib hissəsi olduğunu deyir: "Mənim bütün fəaliyyətim, yaradıcılığımdan tutmuş, ictimai addımlarımadək rəhbərlik etdiyim prodakşının tərkib hissəsidir. Çox vədlər vermək istəmirəm. Amma bircə onu deyə bilərəm ki, irəlidə böyük layihələrimiz durur!". ANSPRESS