«Eurovision-2010» təmsilçimiz Səfurə Əlizadə müsabiqədəki çıxışından sonra uzun müddətli müqavilə əsasında İsveçdə yaşayıb çalışmağa qərar verdi. Bu cür imkan Səfurədən bir il öncəki təmsilçimiz Aysel Teymurzadəyə verilsə də, o, xaricdə yaşamaq fikrində olmayıb. Dəyərləndirmədiyi yaradıcılıq təklifi xəbərlərini də mətbuata sızdırmayıb. Onun Milli.Az xəbər portalına bildirdiyinə görə, Azərbaycandan kənarda uzunmüddətli yaşamaq ona çətin gəlir:

«Bəlkə, dediyim fikir bir qədər şablon səslənəcək. Amma mən vətənpərvər insanam. Vətənimə bağlıyam və uzaqda yaşamağa alışa bilmirəm. Çox arzu edirəm ki, ölkəmizi uzaq ölkələrdə təmsil edim. Tez-tez müsabiqələrə gedim. Amma yaşamaq çox çətindir. «Eurovision»dan sonra xaricdə yaşamaq üçün çox təkliflər aldım. Bunları dəyərləndirmədiyim üçün də açıqlama vermədim».

Aysel bildirdi ki, Azərbaycan popunun kənar ölkələrə çıxması əngəli var. Sənətçi bu baryeri aşmaq üçün əlindən gələni etdiyini bildirdi. Hazırda bir sıra yeni mahnılar hazırlayan sənətçi repertuarını tam hazır edəndən sonra səfər proqramına göz gəzdirəcək.