O,funikulyorun pilləkənindən yıxılıb

Xalq artisti Flora Kərimovanın başına iş gəlib. Bir müddət öncə yıxılan və ayağını sındıran sənətçi yenidən eyni hadisə ilə üzləşib. Bu dəfə də qolunu zədələyib. Xoşagəlməz olay Flora xanım Şuşanın işğalına həsr olunmuş tədbirlərin birindən evə qayıdarkən baş verib. Onun sağ qolu bir neçə yerdən sınıb, hazırda gipsə salınıb. Təxminən bir ay gipsdə qalmalıdır.

Flora Kərimovanın sözlərinə görə, hadisə öz diqqətsizliyi ucbatından baş verib. Belə ki, Şuşanın işğalına həsr olunmuş tədbirdə söylənilən bir fikir ona bərk toxunub. Tədbirdən evə qayıdarkən, həmin sözləri düşünürmüş. Funikulyorun pilləkənlərini düşəndə ayağı büdrəyib və yerə yıxılıb. Ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılan müğənninin qolu bir neçə yerdən sınıb: «Qolum elə sınıb ki, sümüklərim ələ gəlmirdi. Həkimlər qolumu gipsə qoydular və bir neçə saatdan sonra evə gətirdilər. Amma ağrılarım hələ də var».

Qeyd edək ki, səhhətindəki problemlə əlaqədar Flora xanım növbəti klipinin çəkilişlərini təxirə salmalı olub. “Sənə güvəndiyim dağlar” (Kamal-Baba Vəziroğlu) mahnısını Ülviyyə Könül ekranlaşdıracaq.