Bu ilin mayında Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək nümayəndənin adı bəlli olub.
APA-nın məlumatına görə, martın 7-də keçirilən milli final konsertində 25 namizəd 55-ci “Eurovision” müsbaiqəsində Rusiyanı təmsil etmək uğrunda mübarizə aparıb.
Petr Naliçin musiqi kollektivi digər rəqiblərini üstləyərək Rusiyanı təmsil etmək şansı qazanıb. Onlar müsabiqədə “Lost & Forgotten” (“İtmiş və unudulmuş”) mahnısını təqdim edəcəklər. Mahnının müəllifləri də elə təmsilçi musiqi kollektivin üzvləridir. Təmsilçi tamaşaçı səsverməsi ilə yarışmada iştirak hüququ əldə edib. Musiqi kollektivində 6 kişi ifaçı var. Onların 5-i müxtəlif musiqi alətlərində ifa edirlər, Petr Naliçin isə kollektivin solistidir. Rusiyanın milli final konsertində “Eurovision-2008”in qalibi Dima Bilan və “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak çıxış ediblər. Müsabiqənin hər iki qalibi builki təmsilçilərə diplom təqdim ediblər.
Bu il Rusiyanı “Eurovision” müsabiqəsində təmsil etmək üçün 25 namizəd finala vəsiqə qazanmışdı. Onların sırasında Aleksandr Ponayatov, Pyotr Suhov, Oleq Bezinski, Yekatirina Frolova, Polina Kozikova, “Nano”, “Jet Kids” qrupları və başqaları var idi.
Qeyd edək ki, qrup “Eurovision-2010” müsbaiqəsinin mayın 25-də keçiriləcək I yarımfinalda çıxış edəcək.
Xatırladaq ki, ötən il “Eurovision-2009” mahnı müsabiqəsi Rusiyanın paytaxtı Moskvada baş tutub. Bu qələbəni isə Rusiyaya 2008-ci ildə Dima Bilan gətirib.