Bizquyruqla yoluxmaya enterobioz deyilir. Onların bağırsaqlarda yaşama dövrü 28-56 gün təşkil edir. Bu qurdlar qalın ağ sapın kiçik (1 sm-dək) bir qırıntısına bənzəyir. Enterobioz immun sistemini kəskin şəkildə zədələdiyi üçün təhlükəli hesab edilir. Bizquyruqlar bağırsağın (xüsusən anus ətrafında), cinsi orqanların, sidik kanalı dəliyinin iltihabını törədə bilirlər. Appendiks çıxıntısına daxil olmaqla onlar appendisitə də səbəb ola bilərlər.

Bizquyruqlar anal dəliyin büküşlərinə özlərinin on minlərlə yumurtasını qoyur və bu zaman həmin nahiyəyə xüsusi qıcıqlandırıcı maddə ifraz edirlər. Axşamlar uşaqlar anal dəlik ətrafinı qaşıyarkən bizquyruq yumurtaları onların dırnaqlarının altına daxil olurlar.

Uşaqların yuyulmamış əllərini ağızlarına salması, əllə yemək yemələri, dırnaqlarını dişləmələri kimi vərdşləri olduğu üçün bizquyruqla yoluxmalar daimi olaraq baş verir. Bəzi hallarda anus ətrafındakı qaşınma o qədər güclü olur ki, uşaq axşamlar çox pis yatır, tez-tez hirsli və qıcıqlanmış olur. Enterobioz zamanı uşaqlar bir çox hallarda ürəkbulanmadan şikayət edir, onların iştahaları azalır, baş ağrısı və qarın nahiyəsində ağrılar olur.

Enterobiozun diaqnostikası bir çox hallarda olduğu kimi, həm nəcisin (bu zaman nəcisdə canlı qurdlar və ya onların yumurtaları aşkar edilir), əksər hallarda isə anus ətrafındakı büküşlərdən götürülən yaxmanın müayinəsi zamanı qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Bu zaman uşağın anusuna xüsusi şəffaf lent yapışdırılır və bir qədər keçdikdən sonra onun üzərində mikroskop altında bizquyruq yumurtalarına görə müayinə aparılır.

Enterobiozun müalicəsi ya pediatr ya da helmintoloq (qurdların müalicəsi üzrə ixtisaslaşmış mütəxəssis) tərəfindən aparılır. Müalicə zamanı sanitar gigiyenik rejimə də əməl etmək vacib hesab edilir. Hər gün səhər və axşam uşagın anusunun ətrafını yumaq, ora vazelin və ya uşaq kremi sürtmək, axşamlar uşağa dar tuman geyindirmək lazımdır. Səhərlər uşağın tumanını dəyişmək və qaynar suda yumaq, yataq dəstini isə isti ütü ilə ütüləmək lazımdır.

Bu zaman mütləq bütün ailə üzvlərini də enterobioza görə müayinə etmək və qurd yumurtaları aşkar edildiyi halda onları da müalicə etmək lazımdır. Müalicədən 10 və 30 gün keçdikdən sonra yuxarıda qeyd edilən qayda üzrə anus büküşlərindən götürülmüş yaxmanın müayinəsi aparılmalıdır.