Yayın isti günlərində gün altında çox qalmaq, istidə ağır fiziki işlə məşğul olmaq, uzun yol getmək gün vurması ilə nəticələnə bilər. Günvurma orqanizmin günəş şüaları altında həddən artıq qızması nəticəsində baş verir. Mütəxəssislərin fikrincə, güclü gün vurması nəticəsində beynin qan damarları genişlənir, güclü qan axması zamanı kiçik damarlar partlayır və bu zaman beyinə qan sıza bilər.

Həkim-terapevt Məlahət Abbasovanın bildirdiyinə görə, havaların isti keçməsi nəticəsində insanların səhhətində bir çox problem yarana bilər. Belə ki, günvurma uşaqlar və yaşlı adamlara daha çox təsir göstərir. “Gün vurması zamanı xəstələr özünü halsız hiss edir, baş gicəllənməsi, əsəbilik, həddən artıq tərləmə, mədə ağrıları, qusma, ürək getməsi, baş ağrısı, nəbzin yüksəlməsi baş verir. Əvvəlcə gün vurması özünü baş ağrısı və ürək bulanması ilə biruzə verir. Daha sonra isə vəziyyət kəskinləşdikcə xəstənin halı dəyişir. Bəzən gün vurması zamanı xəstənin burnundan qan açılır və görmə qabiliyyətini də itirir. Gün vurması dəridə də özünü göstərir. Belə ki, bu zaman dəridə qızartı, suluq yaranır”.

Həkimin dediyinə görə, gün vuran insanlar ilk növbədə kölgə və yaxud sərin bir yerə çəkilməli, onun paltarlarını çıxarıb, arxası üstə uzatmaq lazımdır. Gün vuran adamın qusması, ürək bulanması yoxdursa, bu zaman duz itkisinin qarşısının alınması üçün ona duzlu və ya sodalı su içirdilməlidir. Gün və ya isti vuranın başının üstünə soyuq kompres qoymaq, bədəninə soyuq su səpmək, sərin su vermək onu bir az hala gətirər. “Əgər günvurma zamanı tənəffüs pozulmuşsa, pambığı naşatır spirti ilə isladıb xəstənin burnuna yaxınlaşdırmaq, gün vuran adamın nəfəsi dayanırsa, həkim gözləmədən ona süni nəfəs vermək və ürək masajı etmək lazımdır”, - deyən Məlahət Abbasova bildirdi ki, ilkin müdaxilədən sonra mütləq həkimə müraciət etmək vacibdir.

Müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara günəş daha güclü təsir edir. “Əsasən həssas insanlar, ürək xəstələri, şəkər, təzyiq, xərçəng xəstəliyindən əziyyət çəkənlər gün vurmasına qarşı həssas olurlar. Həddən artıq kök adamların da gün vurmasına dözümü olmur. Ümumiyyətlə, yaşı 60-dan yuxarı olanlar və yaşı 5-dən aşağı olan uşaqlar, hamilələr gün vurmasına qarşı həssas olurlar”.

Həmsöhbətim günvurmadan öncədən qorunmaq üçün gün ərzində çoxlu su içməyi məsləhət gördü. Həkim onu da bildirdi ki, isti havalarda alkoqollu içkilərdən çox istifadə etmək olmaz.

Məlahət Abbasovanın dediyinə görə, günvurmadan əlavə isti vurması da var ki, bu hal özünü bir az yüngül biruzə verir. “İsti havalarda sintetik, rezin paltarlar geymək isti vurmasına gətirib çıxara bilər. İstivurma günvurmadan daha tez baş verir. İstivurma özünü zəiflik, daim yatmaq istəyi, baş ağrısı ilə biruzə verir. Bu zaman temperatur 40 dərəcəyə qədər qalxa bilir. Bundan sonra ishal və qusma baş verir. Həddən artıq tərləyən və halsızlaşan isti vurmuş adama vaxtında həkim müdaxiləsi olmazsa, bu ölümlə nəticələnə bilər. Gün vurmasından qorunmaq üçün nazik yay geyimləri geyinməli, bol maye qəbul etməli, bədəni təmiz saxlamalı, olduğunuz otağın havalandırılmasına diqqət yetirməyiniz önəmlidir”.

Həkim yayda günvurmadan qorunmaq üçün saat 11.00-dan 16.00-a kimi günün altında gəzməyi məsləhət bilmir.

“Ekspress” qəzeti