Yay fəslində bürkülü istidən müvəqqəti də olsa yaxa qurtarmaq üçün bir yol da dənizə və ya hovuza girməkdir.

Əslində, orqanizmdə sonradan bir çox fəsadlara səbəb olan xəstəliklərin başlanğıcı da dəniz və ya hovuzdan başlayır. Çünki vaxtında təmizlənib dərmanlanmayan, gigiyenik baxımdan yararsız olan hovuz sağlamlıq üçün təhlükə mənbəyinə çevrilir. Çirkli hovuzlarda hepatit A, hepatit E təhlükəsi daha çoxdur. Belə hovuzlarda çoxalıb artan göbələk infeksiyaları, bakteriyalar, müxtəlif xəstəliklərə səbəb olan mikroorqanizmlər ağır xəstəliklərlə nəticələnir. Ona görə də xəstəliyin simptomları aradan qalxmış olsa belə, təqribən 1 həftə hovuza girmək məsləhət deyil. Bundan başqa, hovuzun ətrafında, çöldə istifadə edilən ayaqqabı ilə gəzmək təhlükəlidir.

Hovuza girməzdən əvvəl, ayaqları antiseptik su ilə dezinfeksiya etmək və duş qəbul etmək lazımdır. Neylon çimərlik geyimindən və buna bənzər aksessuarlardan istifadə etmək, yaş çimərlik geyimi ilə oturmaq olmaz, dərhal qurulanmaq lazımdır. Əgər qulaqda hər hansı bir xəstəlik varsa, qulaq tıxacı taxılmalıdır. Yuxarıda deyildiyi kimi, hovuzlar vaxtaşırı təmizlənib dərmanlanmalı, xlorlama və ya dezinfeksiya əməliyyatları aparılmalıdır.

Hovuzla müqayisədə dənizdə xəstəliyə yoluxma ehtimalı nisbətən azdır. Çünki dəniz atmosferdən böyük miqdarda oksigen alır. Digər tərəfdən, dəniz suyunda duz nisbətinin çoxluğu da infeksiyaya yoluxma ehtimalını azaldır. Ancaq dənizin də suyu çirkli və köpüklüdürsə, ya da yaşıl rəng alıbsa, burada üzmək sağlamlıq üçün təhlükəlidir.

Uşaqlar da hovuzdan necə istifadə etmək barədə məlumatlandırılmalıdırlar. Çünki uşaqların hovuz təmizliyinə kifayət qədər diqqət yetirməməsi müxtəlif infeksiyalara zəmin yaradır. Hovuza girməzdən əvvəl yuyunmaq, gigiyenik tədbirlər görmək, çıxdıqdan sonra da yenidən duş qəbul etmək lazımdır.

Hovuzun suyu vaxtında dəyişdirilməlidir. Suyu dəyişdirilməyən, gigiyenik qaydalara əməl olunmayan hovuzda qulaq, göz, dəri infeksiyaları, ishal, mədə-bağırsaq problemləri meydana çıxır.