Havalar istiləşdikcə dondurmaya tələbat da çoxalır. Lakin sərinləmək məqsədilə yediyimiz dondurmalar bəzən ürək revmatizmi və böyrək çatışmazlığı kimi xəstəliklərə səbəb olur. Bu xəstəliklərin əsas mənbəyi isə beta bakteriyasıdır.

Xalq arasında “beta mikrobu” kimi məlum olan A qrupu beta hemolitik streptokok daha çox 5-15 yaşlılar arasında yayılan bakterial infeksiyadır. Boğazda iltihab əmələ gətirən bu bakteriya özünü boğaz ağrısı şəklində göstərir və diqqət edilmədikdə ürək revmatizmi və böyrək iltihabı kimi müalicəsi çətin olan xəstəliklərlə nəticələnir. Xəstəlik vaxtında müalicə edilmədikdə isə ağırlaşmalara səbəb olur.

Beta mikrobu əsasən hava yolu ilə yoluxur. Əlamətləri halsızlıq, üşütmə, qızdırma və boğaz ağrısıdır. Digər tərəfdən, beta mikroblu xəstələrdə badamcıqlar üzərində ağ pərdə əmələ gəlir.

Beta mikrobunun daha çox yayıldığı aylar yay və payız aylarıdır. Bu aylarda atmosfer dəyişikliyi mikrobun yayılmasına səbəb olur. Lakin dondurma mövsümündə bu xəstəlik kulminasiya nöqtəsinə çatır. Səbəb mikrobun yediyimiz soyuq qidaların immunitet sistemindəki çatlardan faydalanaraq boğaza daxil olmasıdır. Bu mikrob “pensilin”ə qarşı çox həssas olduğu üçün müalicə zamanı bu antibiotikdən istifadə edilir. Penisillinlə müalicəni ən azı 1 həftə, 10 gün müddətində aparmaq lazımdır.

Xəstəlik xronikiləşməmiş tədbir görmək məsləhətdir. Beta mikrobu immunitet sistemi güclü olanlara “qalib” gələ bilmir, bu sistem zəif olduqda isə mikrob badamcıq vəzisinə yol tapır.

Qorunma yolları

-Uşağınızda boğaz ağrısı varsa, laqeydlik etməyin, gecikmədən həkimə müraciət edin və uşağı məktəbə göndərməyin. Bu mikrobu daşıyan məktəbli dərsə getdikdə mikrob asanlıqla yoldaşlarına yoluxur.

- Çalışın uşaqlarınıza dondurma kimi soyuq yemək və içkilər verməyin.

- Epidemiyaya qarşı ciddi davransanız və 48 saat ərzində antibiotik müalicəsi tətbiq etsəniz, xəstəliyin yayılma ehtimalı ortadan qalxar.

-Həkimdən məsləhət almadan hər hansı bir dərmandan istifadə etməyin.

- Beta mikrobu nəticəsində yaranan böyrək çatışmazlığı həyati təhlükə törətdiyi üçün xəstə mütləq xəstəxanada müalicə almalıdır.