Son vaxtlar, demək olar ki, hər gün mobil telefon oğurluğu ilə bağlı xəbərlər eşidirik.

Mobil telefon oğrularına qarşı müəyyən işlər görülsə də bu işlə məşğul olanların sayında azalma müşahidə olunmur. Ekspertlər hesab edirlər ki, bunun əsas səbəblərindən biri də oğurlanmış telefonların tapılmasına mobil operatorların kömək göstərməməsidir. Qeyd edək ki, indi ölkəmizdə mobil telefon oğurluğu əsasən ictimai nəqliyyatda qeydə alınır. Yay aylarında isə telefon daha çox görünən yerlərdə olduğundan oğurluq halları da məhz bu mövsümdə artır. Bəs mobil telefonunuz oğurlandığı zaman nə etməlisiniz?
Ekspert Osman Gündüzün sözlərinə görə, ölkəmizdə əksər hallarda mobil operatorlar oğurlanmış telefonların axtarılıb tapılmasına baş qoşmaq istəmirlər. Bu da şirkətlərin biznes maraqlarından irəli gəlir. Telefonu itirən və ya oğurlanan məcburdur ki, yeni simkart alıb, şəbəkəyə qoşulsun. Beləliklə də, düşünmək doğru olmazdı ki, oğurluqdan yalnız oğru qazanır. Dolayısı ilə elə mobil operator da bundan faydalanır.
Həmsöhbətimin dediyinə görə, ölkəmizdə, hələlik, oğurlanmış və ya itirilmiş telefon aparatlarının tapılması ilə bağlı yalnız “Azersell” öz abonentlərinin müraciətlərini qəbul edir: “Bu şirkət rəsmi müraciət edildikdə oğurlanmış telefonların tapılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir. Hüquq-mühafizə orqanları isə, adətən, mobil telefon oğurlandığı üçün deyil, mobil telefonla əlaqəli olan digər cinayətlər zamanı (dövlət əmlakını mənimsəmə, quldurluq, ev oğurluğu və s - N.İ ) sorğular edirlər”.

“Telefonun tapılması onun IMEİ kodu vasitəsilə gerçəkləşdirilir”

Osman Gündüz deyir ki, əslində oğurlanmış mobil telefonu tapmaq ciddi problem deyil: “Telefonun tapılması onun IMEİ kodu vasitəsilə gerçəkləşdirilir. Hər bir telefonun korpusuna, batareyanın altında onun istehsalçısı tərəfindən zavoddan buraxılarkən xüsusi İMEİ kodu - mobil aparatın beynəlxalq tanınma kodu vurulur. İMEİ kodu istehsal prosesində hər bir telefon aparatının yaddaşına (proqram təminatına) mənimsədilir və həmin aparata simkart taxılıb hansısa şəbəkədə işə salınarkən baza stansiyası tərəfindən ilk olaraq məhz bu kod qeydə alınır. Deməli, oğurlanmış telefon hansı mobil şəbəkədə işləyirsə, məhz həmin şəbəkənin operatoru istəsə, onu tapa bilər. Düzdür, nəzəri cəhətdən elə texnologiyalar hazırlanıb ki, telefonun özəl IMEİ kodunu da dəyişdirmək mümkündür. Bunu isə adi oğrular yox, müəyyən hazırlıq keçmiş hakerlər, proqramçılar edə bilərlər”. Osman bəy bildirir ki, telefonu oğurlanmış şəxs, ilk növbədə, polis şöbəsinə rəsmi ərizə ilə müraciət etməlidir: “Siz həmçinin bu haqda telefonunuzun oğurlanması barədə operatorunuzun ofisinə və ya müştəri xidmətlərinə də rəsmi müraciət etməlisiniz”.

Hökumət telefon oğrularına qarşı nə edə bilər?

Osman Gündüzün fikrincə, oğurluq üçün münbit şəraitin formalaşmasının qarşısının alınması məqsədilə qanunvericilik aktlarına dəyişiklik edilməsinə ehtiyac var: “Nazirlər Kabineti tərəfindən 2005-ci ildə “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərar qəbul olunsa da, ötən müddət ərzində bu sahədə, demək olar ki, heç nə dəyişməyib. Həmin sənəddə xeyli çatışmazlıqlar mövcuddur”. Müsahibim dedi ki, problemin həll edilməsi üçün “Telekommunikasiya haqqında” qanuna əlavələr edilməlidir. Həmin əlavələrdə hansı standartda işləməsindən asılı olmayaraq, bütün telefon operatorlarına oğurluq telefonların siyahısının tutulması, onlara xidmət göstərilməməsi və bu istiqamətdə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq nəzərə alınmalıdır.

“Biz təklif edirik ki...”

Həmsöhbətimiz qeyd etdi ki, 2007-ci ilin əvvəlində Azərbaycan İnternet Forumu tərəfindən mobil telefon oğurluğunun qarşısının alınması məqsədilə müvafiq qanunvericiliklərə əlavə və dəyişikliklərin edilməsi üçün Milli Məclisə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Daxili İşlər Nazirliyinə təkliflər göndərilib. Həmin təkliflərdə mobil operatorlar və hüqüq-mühafizə orqanlarının birgə iştirakı ilə oğurlanmış telefon aparatlarının vahid bazasının yaradılmasının məcburiliyi və telefon alınarkən onun oğurluq olub-olmadığını “online” (onlayn) formasında müəyyən etməyə imkan verən informasiya sisteminin yaradılması haqqında müddəaların “Telekommunikasiya haqqında” qanuna əlavə edilməsinin zəruriliyi qeyd edilir. Biz təklif edirik ki, “Telekommunikasiya haqqında” qanuna oğurlanmış telefon aparatlarına mobil operatorlar tərəfindən xidmət göstərilməsini qadağan edən müddəa əlavə olunsun. Həmçinin oğurlanmış aparatlarla bağlı operatorlar və polis orqanları tərəfindən vətəndaşların ərizələrinin qəbulu və icrası prosesinin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi istiqamətində addımlar atılsın. İstifadəçilər, mobil operatorlar və dövlət arasında münasibətlərin daha effektiv və sivil normalara uyğun qurulması üçün “Telekommunikasiya haqqında”, “İnformasiya əldə edilməsi haqqında” və “İstehlakçıların hüquqlarının qorunması haqqında” qanunların tələbləri nəzərə alınmaqla mobil rabitə xidmətinin göstərilməsi qaydaları hazırlansın”.


Nicat İntiqam